UNEC KİM 24/7 Kitabxanasının həyata keçirdiyi “KİTABIM” layihə-podkastının növbəti buraxılışının qonağı jurnalist, araşdırmaçı-arxivşünas, yazıçı, “Çapar” nəşriyyatının baş redaktoru, müəllim, tarix üzrə fəlsəfə doktoru Dilqəm Əhməd olub.
Buraxılış Müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti, süqutu və mühacirət dövrünün tədqiqinə həsr olunmuş “Milli hekayələr. Hürriyyət, Cümhuriyyət, Mühacirət” kitabının təqdimatı və müzakirəsi formatında keçirilib.
Söhbət zamanı müəllif əsərin professor Abbas Zamanovun əziz xatirəsinə ithaf edilməsinin səbəblərindən danışıb, həmçinin Vətənindən uzaqda yaşamağa məcbur olmuş, lakin mənəvi bağlılığını heç vaxt itirməmiş Azərbaycan mühacirlərinin həyat yoluna diqqət çəkib. Podkastda mühacirətdə fəaliyyət göstərmiş Azərbaycan ziyalılarının ictimai-siyasi fəaliyyəti, onların zəngin epistolyar irsi, eləcə də tarixşünaslıqda kifayət qədər araşdırılmamış bioqrafik məqamlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
Dilqəm Əhməd kitabın ərsəyə gəlməsi prosesi, istifadə olunan arxiv materialları və araşdırmaların nəticələri barədə də ətraflı məlumat verib. O, Azərbaycan mühacirət tarixinin öyrənilməsinin milli yaddaşın qorunması baxımından əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, “KİTABIM” layihəsinin rəhbəri Arzu Məmmədova, icraçı heyət üzvləri isə Kamal Nuriyev və Həsən Müslümovdur.