UNEC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans çərçivəsində “Elm və innovasiya siyasəti” bölmə iclası keçirilib.
Tədbir UNEC-in Elmi fəaliyyətin təşkili şöbəsi, Rəqəmsal iqtisadiyyat və Mühəndislik fakültələrinin birgə təşkilatçılığı ilə baş tutub.
Plenar iclası giriş nitqi ilə açan UNEC Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, i.f.d. Nərgiz Hacıyeva elm və innovasiya siyasətinin müasir çağırışlarından danışıb. O, UNEC-də elmi fəaliyyətin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən layihələr, elmi jurnalların vahid sistem üzərindən inteqrasiyası və OJS platformasında 9 elmi jurnalın birləşdirilməsi barədə məlumat verib.
UNEC-in “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Hilalə Cəfərova “Elm və rəqəmsallaşma” mövzusunda çıxış edərək süni intellekt strategiyalarının tətbiqi, rəqəmsal transformasiya, ağıllı şəhər və ağıllı kənd konsepsiyaları, insan kapitalının inkişafı və adaptiv təhsil metodlarının əhəmiyyətindən bəhs edib.
UNEC Laboratoriyaların işinin təşkili mərkəzinin direktoru, dosent Ramil Sadıqov çıxışında Heydər Əliyevin elm və təhsilin inkişafına verdiyi töhfələrdən danışıb, elmi kadr hazırlığında dövlət dəstəyinin rolunu vurğulayıb.
“Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimi Əflatun Məmmədov elmi potensialın inkişafı, dövlət dəstəyi mexanizmləri, “Yüksəliş” müsabiqəsi və gənclərin inkişafına yönəlmiş təşəbbüslər barədə məlumat verib.
UNEC Mühəndislik fakültəsinin dosenti Esmira Mustafayeva isə innovasiya yönümlü elmi mühitin formalaşdırılması, universitet–sənaye əməkdaşlığının gücləndirilməsi və beynəlxalq elmi əlaqələrin inkişafının əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirin sonunda iştirakçılar arasında elm, innovasiya siyasəti və rəqəmsal transformasiya istiqamətində geniş fikir mübadiləsi aparılıb.