A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Keyfiyyət təminatı şöbəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” adlı elmi-praktiki konfransın “Təhsil və insan kapitalı” bölməsi üzrə tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Keyfiyyət təminatı şöbəsinin müdiri Vəfadar Rizvanlı Ümummilli Lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrinin sadəcə bir şüar deyil, Azərbaycanın inkişaf modelinin əsas istiqamətlərindən birini ifadə edən konseptual yanaşma olduğunu bildirib.

Tədbirdə təhsil islahatları, keyfiyyət təminatı, keyfiyyət mədəniyyəti, süni intellektin idarəetmə proseslərində tətbiqi, Azərbaycan iqtisadiyyatının inkişaf mərhələləri, Qarabağın dirçəlişində gənclərin rolu və liderlik bacarıqlarının formalaşdırılması kimi aktual mövzular ətrafında təqdimatlar dinlənilib.

Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin baş məsləhətçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Osman Hacıyev ali və peşə təhsili sistemində aparılan müasir islahatların əsas istiqamətləri barədə danışıb. O, təqdimatında ali təhsilə əlçatanlığın genişləndirilməsi, dövlət sifarişli yerlərin artırılması, tədqiqat universiteti modelinə keçid, təhsil proqramlarının kompetensiya əsaslı yenilənməsi, keyfiyyət təminatı və akkreditasiya mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də ikili diplom proqramları və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi barədə məlumat verib.

Bakı Avrasiya Universitetinin Keyfiyyət təminatı sektorunun müdiri Esmira Talıbova “Keyfiyyət Təminatından Keyfiyyət Mədəniyyətinə: Sistemdən davranışa keçid” mövzusunda təqdimatla təhsil müəssisələrində keyfiyyət mədəniyyətinin formalaşdırılması məsələlərinə toxunub. Azərbaycan Turizm və Menecment Universitetinin Strateji inkişaf və keyfiyyət təminatı şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Sara Bağırlı isə effektiv keyfiyyət idarəetmə sisteminin tətbiqi istiqamətində süni intellekt qaynaqlı çətinliklər barədə fikirlərini bölüşüb.

UNEC “Maliyyə və audit” kafedrasının professoru, iqtisad elmləri doktoru Elnur Sadıqov “Ulu öndər Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda məruzəsində Ümummilli Liderin ölkə iqtisadiyyatının inkişafında oynadığı tarixi roldan, iqtisadi siyasətin formalaşmasında uzaqgörən dövlətçilik xəttinin əhəmiyyətindən danışıb.

Qarabağ Universitetinin Mükəmməllik mərkəzinin direktoru Abdulxaliq Məmmədli tədbirə onlayn formatda qoşularaq “Qarabağın dirçəlişində gənclərin rolu” mövzusunda təqdimatla çıxış edib. O, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafında gənclərin intellektual potensialının, innovativ düşüncə tərzinin və peşəkar hazırlığının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, Qarabağın sosial-iqtisadi inkişafı, yeni təhsil və tədqiqat mühitinin formalaşdırılması, eləcə də regionun gələcək inkişaf modelinin qurulması prosesində Qarabağ universitetinin və gənclərin fəal iştirakı xüsusi önəm kəsb edir.

UNEC Biznes Məktəbinin "Biznesin idarəedilməsi" kafedrasının müəllimi Günel İmanova “Gənclərin intellektual inkişafı və liderlik bacarıqları” mövzusunda təqdimatla gənclərin şəxsi və peşəkar inkişafında liderlik bacarıqlarının, təşəbbüskarlığın və məsuliyyətli qərarvermə qabiliyyətinin rolunu diqqətə çatdırıb.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin elm, təhsil, mədəniyyət və gənclər siyasətinə verdiyi töhfələr xüsusi qeyd olunub. Bildirilib ki, Ulu Öndərin əsasını qoyduğu bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizdə insan kapitalının inkişafına, gənclərin intellektual potensialının gücləndirilməsinə və milli tərəqqiyə mühüm töhfə verir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay