A

Azərbaycan Respublikası Prezidentinin 27 mart tarixinin Azərbaycanda Elm günü kimi təsis edilməsi haqqında Sərəncamını rəhbər tutaraq, UNEC-də elmi fəaliyyətin səmərəli təşkili, idarə edilməsi və inkişafını təmin etmək məqsədilə “Elm aylığı”nın keçirilməsinə başlanılmışdır.

“Elm aylığı”nın bu gün UNEC-də keçirilmiş rəsmi açılış tədbirində rektor, professor Ədalət Muradov, millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova, UNEC İctimai Nəzarət Şurasının üzvləri və professor-müəllim heyəti iştirak etmişdir.

UNEC-də elmi fəaliyyətin daha da genişləndirilməsi, elmi araşdırmaların, tədqiqatların stimullaşdırılması, tədqiqat universitetinə keçid istiqamətində son illər həyata keçirilən işlər, əldə edilmiş nəticələr, nailiyyətlər barədə giriş nitqi ilə rektor, professor Ədalət Muradov çıxış etmişdir. Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında dövlət başçısının Sərəncamının əhəmiyyətini vurğulayan rektor tədqiqat universitetinə transformasiya istiqamətində tədbirlər həyata keçirən UNEC-də fevralın 27-dən martın 27-dək “Elm aylığı”nın keçirilməsi ilə bağlı əmrin imzalandığını bildirdi. “Elm aylığı”nın günün tələbləri əsasında formaslaşdırılmış, məzmunlu tədbirlər planı çərçivəsində “Yeni elm sahələri – ekonofizika”, “Elm haqqında elm”, “İqtisadiyyat üzrə Nobel laureatları”, “Elmi fəaliyyətin institusional sistemi: müasir vəziyyət və perspektivlər”, “Qeyri-müəyyənlik şəraitində makroiqtisadi göstəricilərin qarşılıqlı əlaqələrini və vergi yükünün qiymətləndirilməsi”, “Azərbaycanda rəqəmsal iqtisadiyyat və inkişaf perspektivləri”, “İslam maliyyəsi: müasir trendlər və inkişaf perspektivləri”, “Tələbələrin elmi fəaliyyətə cəlb olunması: problemlər və perspektivlər”, “Azərbaycan iqtisadiyyatı koqnitiv tədqiqatlar kontekstində” kimi məsələlərə həsr edilmiş tədbirlərin keçiriləcəyi nəzərdə tutulmuşdur.

Tədqiqat universitetinə transformasiya hədəfini əsas tutan UNEC-də keçirilən tədbirin adının təsadüfi seçilmədiyini qeyd edən rektor məqsədin elmi tədqiqatların təşkili və aparılması ilə bağlı məsələlərə aydınlıq gətirmək olduğunu diqqətə çatdırdı. Tədqiqat universitetinə transformasiya istiqamətində çoxsaylı tədbirlər həyata keçirmiş UNEC-də 22 tədqiqat mərkəzi, Gənc alimlər şurası, UNEC tədqiqat fondu, Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamenti yaradılmış və digər tədbirlər həyata keçirilmişdir.

Həyata keçirilmiş stimullaşdırıcı tədbirlər çərçivəsində UNEC-in professor-müəllim heyətinin “Web of Science” bazasına daxil edilən elmi əsərlərinin sayında da ciddi artım qeydə alınıb. UNEC-in 1991-2018-ci illərdə “Web of Science” bazasına daxil edilən elmi əsərlərinin (77 əsər) təxminən 56% (43 əsər) son 3 ilin payına düşür. Beynəlxalq səviyyəli universitet olmaq istiqamətində məqsədyönlü addımlar atan UNEC dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” (əvvəlki adı “Thomson Reuters”) şirkətinin mükafatına layiq görülüb. UNEC-in müəllim heyətinin nüfuzlu elmi jurnallarda nəşrlərinin sayının ilbəil artmasına və dünya elm məkanına uğurla inteqrasiyasına görə “Clarivate Analytics” şirkətinin “Web of Science Awards-2018” və “Most progressive universities in Web of Science for the last 3 years” mükafatlarını qazanıb. UNEC-də “Clarivate Analytics” şirkəti ilə əməkdaşlıq çərçivəsində birgə beynəlxalq konfrans və təlimlər keçirilib. MDB məkanı ölkələrində ilk dəfə UNEC-də elmmetriya haqqında biliklərin sistemləşdirildiyi “Elmmetriya üzrə vəsait: Elm və texnologiyaların inkişaf indikatorları” kitabı tərcümə edilərək çap olunub.

Bu istiqamətdə görülən işləri daha da aktivləşdirmək məqsədi ilə UNEC-də beynəlxalq beyin mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Sırf elmi araşdırmalar, tədqiqatlar ilə məşqul olan alimlərin, ancaq müəllim olaraq fəaliyyət göstərən əməkdaşlardan fərqləndirilməsinin zəruriliyini vurğulayan rektor, “impact” faktoru yüksək olan elmi nəşrlərdə məqalə cap edən UNEC araşdırmaçıların mükafatlandırıldığını bildirdi.  

UNEC-in qısa zaman ərzində böyük uğurlar əldə etdiyini bildirən millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə universitetin ölkənin iqtisadi elmi üçün əhəmiyyətinə toxundu, burada mütəmadi olaraq günün reallıqlarına cavab verən elmi tədbirlərin keçirildiyini bildirdi. Azərbaycanda uğurlu iqtisadi inkişaf strategiyasının icra olunduğunu, ölkədə özünəməxsus iqtisadi modelin formalaşdırıldığını bildirdi. Qabaqcıl təcrübənin tətbiq olunması zamanı Azərbaycanın milli maraqlarının nəzərə alınmasının zəruriliyini bildirən Z.Səmədzadə UNEC-in dünyanın aparıcı universitetləri ilə bir cərgədə olacağına əminliyini vurğuladı.

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova dövlət başçısının Sərəncamı ilə “Elm günü”nün təsis olunmasının əhəmiyyətinə toxundu. Elmin əsas məqsədinin insan həyatının rifahı olduğunu bildirən N.Axundova qlobal elmdə mövcud meyllərin Azərbaycana da təsir etdiyini diqqətə çatdırdı. Akademik dövlətimizin yüksək iqtisadi inkişafına nail olunması üçün indiyə qədər keçilmiş tarixi yolun nəzərdən keçirilməsinin, gələcək inkişafımızın hədəflərini düzgün müəyyən edilməsi üçün zəruri olduğunu bildirdi. Müasir dövrün tələblərini nəzərə almaqla yeni elmi paradiqmin müəyyənləşdirilməsinin zəruriliyini vurğulayan akamedik dünyada standart inkişaf modelinin mövcud olmadığını, ölkənin reallıqlarını nəzərə almaqla yanaşmalardan istifadənin zəruriliyini bildirdi.  

UNEC-in Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru, professor Zahid Məmmədov universitetin elmi nailiyyətlərindən və gələcəkdə elmi fəaliyyətin uğurlu təşkili üçün atılan addımlardan danışıb. Alim qeyd edib ki, son illər həyata keçirilmiş tədbirlərin Azərbaycan Dövlət İqtisad Universitetinin nüfuzunun artırılmasına ciddi təsir etdiyini, UNEC professorlarının dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən universitetlərə vizitor alim kimi dəvət edildiyini, II ixtisas qrupu üzrə qəbul imtahanlarında Prezident təqaüdünə layiq görülmüş 74% tələbənin ali təhsil üçün UNEC-i seçdiyini bildirdi. Hazırda dünyada universitetlərin elmi tədqiqatlar ilə tanındığını bildirən Z.Məmmədov UNEC-in də bu istiqamətdə əməli addımlar atdığını qeyd etdi. UNEC alimlərindən ibarət ekspert qrupunun mediada çıxışlarının, ölkədə gedən sosial-iqtisadi proseslərə münasibətinin iqtisadi gündəmə ciddi qatqı olduğunu nəzərə çatdıran Z.Məmmədov hazırda dünyada elmin bir yarış, mübarizə meydanı olduğunu qeyd etdi. Müasir elmdə əsas qiymətləndirmə meyarı kimi alimin araşdırmalar üçün əldə etdiyi qrantların istifadə olunduğunu bildirdi.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay