A

UNEC-də dahi Azərbaycan şairi Nəsiminin 650 illik yubileyinə həsr olunan növbəti tədbir keçirilib.

Biznes və menecment, Türk Dünyası İqtisad fakültələri və “Azərbaycan dili” kafedrasının birgə təşkilatçılığı ilə keçirilən tədbir “İmadəddin Nəsimi şeirlərində folklor qaynaqları” mövzusunda olub.

Tədbiri giriş sözü ilə açan Biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov Prezident İlham Əliyevin İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamını Nəsimi irsinə, milli mədəniyyətimizə, ümumilikdə klassik ədəbiyyatımıza dövlətimiz tərəfindən verilən böyük önəmin göstəricisi adlandırıb. M.Əhmədov görkəmli şairin yubileyi münasibətilə keçirilən elmi-nəzəri seminarın çox böyük əhəmiyyət daşıdığını, tələbələrin mənəvi tərbiyəsində xüsusi rol oynadığını bildirib.

“Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənli Nəsimi yaradıcılığı barədə fikir və düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb. O bildirib ki, Ümumilli lider Heydər Əliyev Nəsimi irsinə həmişə  böyük  qayğı ilə yanaşıb, onun tapşırığı ilə Bakıda dahi şairin heykəli ucaldılaraq, 600 illik yubileyi təntənə ilə qeyd edilib. Xalqımızın milli mədəniyyətinə, ədəbiyyatımına olan diqqət və qayğı bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan Ədəbiyyatı şöbəsinin müdiri, professor Fəridə Əzizova “Nəsimi və qədim ərəb şeiri” mövzusunda çıxış edib. Bildirib ki, Yaxın Şərq ədəbiyyatındakı humanist ideyaları davam və inkişaf etdirən böyük sənətkar Nəsimi insana, insan  ləyaqətinə, onun   qüdrətinə olan yüksək inamını tərənnüm edərək, şeirlərində insanı həyatın yaradıcısı, həyati  gözəlliklərin əsil mənbəyi kimi vəsf  edib.

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırova isə “Bədii ədəbiyyatda Nəsimi mövzusu”nda çıxış edib.

Tədbirin sonunda İmadəddin Nəsimiyə həsr olunan kitablar müəllim və tələbələrə hədiyyə olunub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay