Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) aparılan elmi tədqiqatların kommersiyalaşdırılması istiqamətində son vaxtlar həyata keçirilən işlər özəl şirkətlərdə, xüsusilə istehsal sahələrində ciddi maraq doğurur.
Bunula bağlı növbəti təklif var. Bu dəfə UNEC və “Carlsberg Azerbaijan” MMC arasında görüş baş tutub. Qeyd edək ki, Carlsberg Azerbaijan - ölkənin ən böyük pivə istehsalçısı və Carlsberg Group-un bir hissəsidir.
Görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov, ali məktəbin Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru Zahid Məmmədov, “Carlsberg Azerbaijan” şirkətindən isə Baş direktor Vyaçeslav Maltsev və Korporativ ünsiyyətlər üzrə rəhbər Lalə Əfəndi iştirak ediblər. Görüş zamanı tərəflər əməkdaşlıq imkanlarını müzakirə edib və UNEC-in dövlət strukturları və biznes nümayəndələri arasında davamlı dialoq platformasının yaradılmasında böyük rolundan söz açıblar. Əməkdaşlığın ilkin addımı olaraq qısa zamanda ölkədə Vergi siyasətinin sahibkarlığa təsirinə həsr olunmuş elmi-praktik seminarın keçirilməsi qərara alınıb.