A

22 noyabr 2021-ci il tarixində UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Ekonometrikada xətti modellərin fəlsəfəsi” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin rəhbəri Sənnur Əliyev mövzunun əhəmiyyətindən danışaraq, ekonometrikanın məqsədinin iqtisadiyyat nəzəriyyəsi ilə müəyyən edilmiş iqtisadi münasibətləri kəmiyyət modeli çərçivəsində araşdırmaq, dəyişənlərin dəyişmə səbəblərini ədədi ölçülərlə ifadə etmək, onların gələcək dəyərlərini proqnozlaşdırmaqdan ibarət olduğunu deyib.

Seminarın məruzəçisi Beynəlxalq İqtisadi Əməkdaşlığın İnkişafı UNEC Tədqiqat Mərkəzinin tədqiqatçısı, Fransanın Cənubi Brotan Universitetinin doktorantı Samir Orucov ekonometrik modellərin müxtəlif meyarlar üzrə təsnifatından söz açıb. O, xәtti reqressiya modellәrinin qurulmasında 3 rəqəminin əhəmiyyətindən danışıb. Məruzəçi öz təqdimatında asılılığın funksional formasının müәyyәn edilmәsi üsulunun, əmsalların hesablanması üsulunun və hipotez testinin 3 ənәnәvi üsulunun riyazi modellər əsasında təhlilini seminar iştirakçıları ilə bölüşüb.

UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru prof. Yadulla Həsənli, UNEC Biznes Məktəbinin direktoru dos. Nazim Hacıyev Fransanın Cənubi Brotan Universitetinin doktorantı olaraq məruzəçiyə ekonometrika sahəsində yerinə yetirdiyi doktorluq işinin nəticəsini növbəti seminarlarda auditoriya ilə bölüşməyi təklif ediblər.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, məruzəçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR