A

Rusiyanın Ali İqtisadiyyat Məktəbi Milli Tədqiqat Universitetinin Riyaziyyat departamentinin rəhbəri, Qərarların Seçimi və Təhlili Beynəlxalq Mərkəzinin direktoru, tex.e.d., professor Fuad Ələsgərovun təqdimatında “Qərarların seçimi və təhlili beynəlxalq mərkəzinin araşdırmaları” mövzusunda seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin müdiri Rəna Hüseynova tanınmış alim, müasir seçim nəzəriyyəsinin yaradıcılarından biri, Rusiya Federasiyasının fəxri elm xadimi, Avropa Akademiyasının üzvü professor Fuad Ələsgərovun elmi fəaliyyəti barədə məlumat verib.

Seminarın məruzəçisi professor Fuad Ələsgərov rəhbərlik etdiyi Mərkəzin fəaliyyətindən danışıb. Bildirib ki, Mərkəzin əsas vəzifəsi qərarların qəbulu, təhlili və dəstəklənməsi sahəsində tətbiqi və fundamental elmi tədqiqatların, ekspertizaların aparılması, eləcə də təhsil, elm və konsaltinq bazarında Mərkəzin mövqeyinin gücləndirilməsinə və genişlənməsinə töhfə verməkdir. Professor həmçinin Mərkəz tərəfindən qərarların təhlili və dəstəklənməsi istiqamətində iqtisadiyyatın, informatikanın, idarəetmənin, dövlət idarəçiliyinin konkret sahələri üzrə aparılan tədqiqatların nəticələrini seminar iştirakçıları ilə bölüşüb. Qlobal istiləşmə, iqtisadi böhran, ekologiya, miqrasiya problemləri, həmçinin pandemiya ilə mübarizə sahəsində fundamental tədqiqatların aparılmasına ehtiyac duyulduğunu bildirib.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin UNEC tədqiqatçıları ilə Qərarların seçimi və təhlili Beynəlxalq Mərkəzi arasında gələcək elmi əməkdaşlıq barədə təklif və tövsiyələr səsləndirilib.

TOP XƏBƏRLƏR