Elm festivalı çərçivəsində Nobel mükafatçılarının elmi fəaliyyətlərinə həsr olunmuş içtimai müzakirələr keçirilib.
Tədbirlərin açılışında çıxış edən Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova Elm festivalı çərçivəsində tədqiqat mərkəzləri tərəfindən keçirilən tədbirlər barədə məlumat verib. Müxtəlif elm sahələri üzrə Nobel mükafatçılarının beynəlxalq elmi tədbirlərə dəvət edilməsi, görüşlərin keçirilməsinin UNEC-də ənənə halını aldığını diqqətə çatdırıb.
Kompozit materiallar Elmi-tədqiqat Mərkəzinin rəhbəri prof. Rövnəq Rzayev Nobel mükafatının təsis olunması, istiqamətləri və Nobel mükafatı laureatları haqqında geniş məlumat verib. Sonra Aytən Niyazova mimya elmi üzrə 2021-ci ildə “Asimmetrik orqanokatalizin (üzvikatalizin) inkişafı” sahəsində nailiyyətlərinə görə Nobel mükafatına layiq görülən Almaniyanın Maks Plank İnstitutundan Bencamin List və amerikanın Prinston Universitetinin professoru Devid Makmillianın tədqiqatları barədə təqdimatları iştirakçılarla bölüşüb. Bildirib ki, ikilinin kəşfi davamlı materialların yaradılmasına, akkumulyatorlarda enerjinin saxlanmasına, əczaçılıq kimyası sahəsində yeni nailiyyətlərə, bəzi xəstəliklərin gedişatının qarşısının alınmasına və dərman istehsalına böyük təsir göstərib.
İnkişaf İqtisadiyyatı Tədqiqat Mərkəzinin tədqiqatçısı professor Yadulla Həsənli 2021-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatçıları David Kard, Coşua Anqrist, Gido İmbensin elmi fəaliyyətləri haqqında icmal mühazirə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, əmək iqtisadiyyatında empirik tədqiqatları ilə töhfəsinə və səbəb-nəticə əlaqələrinin təhlilində metodoloji töhfələrinə görə Nobel mükafatına layiq görülən alimlərin tədqiqatları empirik tədqiqatlarda yenilik yaradıb və hər birimizə vacib sayılan sualları cavablandırmaqda tədqiqat aləminin imkanlarını genişləndirib.
Ekonofizika Tədqiqat Mərkəzinin rəhbəri prof. Şahlar Əsgərov isə fizika üzrə Nobel mükafatçılarının elmi fəaliyyətləri haqqında icmal mühazirələr təqdim edib. Nobel mükafatının tarixindən danışan professor, UNEC-ə dəvət olunan Nobel mükafatcısı Məhəmməd Yunusla bağlı xatirələrini bölüşüb. Nobel mükafatına layiq görülən Türk dünyasının böyük alimi Əziz Sancarın DNT təmiri sahəsindəki araşdırmalarından danışıb, bioloji saatın tənzimlənməsi sahəsindəki 6 vacib kəşfi barədə iştirakçılara məlumat verib.
Tədbirdə iştirak edən millət vəkili, UNEC İctimai Nəzarət Şurasının sədri Etibar Əliyev Nobel mükafatının insanlığa xidmət etdiyini bildirib. O, bəzi laureatların bir neçə dəfə, yaxud da bir neçə sahə üzrə Nobel mükafatına layiq görüldüklərini vurğulayıb. Qırmızı Xaç Komitəsinin Nobel Sülh mükafatını üç dəfə, Amerikalı alim J. Bardeenin fizika üzrə Nobel mükafatını 2 dəfə, ingilis mütəxəssisi F. Sangerin kimya üzrə Nobel mükafatını 2 dəfə, BMT-nin Qaçqınlar üzrə Ali Komissiyasının (UNHCR) Nobel sülh mükafatını iki dəfə qazandığını diqqətə çatdırıb.
Səhiyyə İqtisadiyyatı Tədqiqat Mərkəzinin rəhbəri Sevda Məmmədova tərəfindən tibb üzrə Nobel mükafatçılarının elmi fəaliyyətləri haqqında icmal mühazirələr təqdim olunub. S.Məmmədova 2020-ci ilin tibb və fizioloqiya üzrə Nobel mükafatçıları - Harvi Olter, Çarlz Rays və Maykl Hautonun elmi fəaliyyəti barədə danışıb, onların böyük qlobal sağlamlıq problemi olan qanla ötürülən hepatitlə mübarizədə həlledici töhfələrinə görə mükafatlandırıldıqlarını bildirib. Üçlüyün kəşfi sayəsində virusun aşkar edilməsində istifadə edilən yüksək həssas qan testlərinin dünyanın bir çox yerlərində transfuziyadan sonrakı hepatitin mahiyyətcə aradan qaldırılmasında böyük rol oynadığını deyib.
Tədbirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, məruzəçilər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.