A

AZƏRTAC

Azərbaycanlı iqtisadçıların Cənubi Qafqaz ölkələrinin pandemiyadan sonrakı iqtisadi inkişaf perspektivlərinin müqayisəli təhlili ilə bağlı tədqiqatı Britaniyada kollektiv monoqrafiyada yer alıb.

AZƏRTAC xəbər verir ki, UNEC rektorunun müşaviri, dosent Elşən Bağırzadə və UNEC doktorantı Turan Süleymanovun birgə tədqiqat işi Böyük Britaniyanın “Palgrave Macmillian” nəşriyyatı tərəfindən nəşr edilən “Qeyri-müəyyənlik çağında dünya siyasəti” (“World Politics in the Age of Uncertainty”) adlı kollektiv monoqrafiyada çap olunub. Monoqrafiyanın “Cənubi Qafqaz ölkələrində pandemiyadan sonrakı iqtisadi inkişaf perspektivi: müqayisəli təhlil” (Post-pandemic Economic Development Perspective in Countries of the South Caucasus: Comparative Analysis) bölməsində yerləşdirilmiş məqalədə qeyd edilir ki, Cənubi Qafqaz regionu strateji Şimal-Cənub və Şərq-Qərb ticarət yollarının kəsişməsində yerləşməsinə baxma¬yaraq, Ermənistan və Azərbaycan arasındakı münaqişə səbəbindən region ölkələri iqtisadi inteqrasiyaya nail olmaq üçün strateji geolokasiya potensialından bu günədək tam istifadə edə bilməyiblər.

Müəlliflər İkinci Qarabağ müharibəsindən sonra regionda yeni ticarət əlaqələri və marşrutlar vasitəsilə əməkdaşlığı gücləndirmək və iqtisadi inkişafa töhfələr vermək üçün yaranmış imkanlardan bəhs edirlər. Məqalədə bütövlükdə, yeni reallıqlar işığında Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatlarının müqayisəli təhlili aparılmaqla, regionun pandemiyadan sonrakı iqtisadi inkişaf perspektivləri dəyərləndirilir.

Tədqiqat müəlliflərinin gəldiyi əsas nəticə ondan ibarətdir ki, regionda yaranmış bütün yeni inkişaf imkanlarından səmərəli istifadə etmək üçün Cənubi Qafqaz ölkələrində kiçik iqtisadiyyatların əsas inkişaf tələbi olan ixracyönümlü iqtisadi artım modelinin tətbiqi və yaxşı işləyən iqtisadi institutlar və idarəetmə sistemləri vasitəsilə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına təkan verən əlverişli biznes mühitinin təmin olunması mühüm əhəmiyyət kəsb edir.

Tədqiqat işi “Springer Link” elmi məlumat bazasında yerləşdirilib. Ətraflı tanış olmaq istəyənlər bu keçiddən istifadə edə bilərlər: https://link.springer.com/chapter/10.1007/978-3-031-39611-3_10

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay