A

AZƏRTAC

Əsas hədəfim Prezident təqaüdçüsü olmaq idi və buna nail oldum.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə ixtisasında ingilis dilində təhsil alıram. UNEC-in ixtisasım üzrə ən yaxşı təhsil verən universitet olduğunu düşünürəm. Ona görə də bu universiteti seçdim. İmtahanlarda 675.2 bal topladım. İxtisasım hazırda prestijli hesab olunur. Maliyyə sahəsi üzrə peşəkar mütəxəssislərə ehtiyac çoxdur. Ən böyük arzum ixtisasım üzrə peşəkar olmaq, ölkəmizin iqtisadiyyatına töhfə verməkdir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində UNEC-in tələbəsi Nuray Hacıyeva deyib. O, Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin məzunudur. Oxumağında ailəsinin rolu çox böyük olub. Valideynləri həmişə Nuraya dəstək olublar: “Çətin imtahan dövründə motivasiyam aşağı düşdükdə məni ruhlandıran həmişə ailəm olub”.

İmtahan dövrü Nuray üçün çox stresli keçib: “Hədəflər böyük olduqda stres də çox olur. Abituriyentlərə tövsiyəm odur ki, özlərini digər abituriyentlərlə müqayisə etməsinlər, öyrənərkən özlərinə çoxlu “Niyə?” sualını versinlər, əzbərləmək yox, məsələnin mahiyyətini başa düşmək lazımdır”.

Nuray könüllülük fəaliyyətlərində və təbiətin mühafizəsi ilə bağlı aksiyalarda iştirak etməyi xoşlayır. Daha çox klassik janrda kitablar oxuyur. Hobbisi film izləmək, piano çalmaq, intellektual verilişlərə baxmaqdır.

Onun arzusu təhsilini xaricdə nüfuzlu universitetlərin birində davam etdirməkdir: “Gələcək planlarım UNEC-də təhsilimi başa vurduqdan sonra ixtisasım üzrə Qərbi Avropa ölkələrinin nüfuzlu universitetlərinin birində magistratura təhsili almaq və peşəkar mütəxəssis olmaqdır”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay