Son bir il ərzində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) COP 29-a həsr olunan “Yaşıl iqtisadiyyat” mövzusunda keçirilən silsilə tədbirlər, beynəlxalq konfranslar, elmi araşdırmalar, elm adamlarının fikrləri universitetin vahid platformasında toplanacaq.
Bunu “AzPolitika”-ya açıqlamasında UNEC-in Elmi fəaliyyətin təşkili və idarə olunması Departamentinin direktoru, Avrasiya İqtisadiyyatı üzrə Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib.
Professor qeyd edib ki, bu yaxınlarda UNEC-də “Yaşıl iqtisadiyyat gənc tədqiqatçıların və tələbələrin gözü ilə” mövzusunda elmi seminar keçirilib: “Yaşıl iqtisadiyyat mövzusunda professor-müəllim heyətinin, təhsilalanların elmi-tədqiqatların aparılmasını təşviq etmək, eyni zamanda cəmiyyətin ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə və ekoloji mədəniyyətin inkişafına dəstək olmaq məqsədilə "Yaşıl iqtisadiyyat: elm, təhsil, texnologiya və innovasiya” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans keçirildi. Bundan əvvəl isə Azərbaycan UNEC və Sankt-Peterburq Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə "Yaşıl iqtisadiyyat: elm, təhsil, texnologiya və innovasiya” mövzusunda Beynəlxalq elmi-praktik konfrans baş tutmuşdu. Təşkil olunan panel müzakirələrdə Azərbaycan, Türkiyə, Rusiya və Almaniyadan olan ekspertlərin iştirakı ilə yaşıl texnologiyalar, yaşıl iqtisadiyyat sektorunda sahibkarlar, davamlı inkişaf layihəsinin həyata keçirilməsi üçün təhsil müəssisələrinin biznes və hökumətlə qarşılıqlı əlaqəsi, yaşıl maliyyələşmə və digər mövzularda müzakirələr aparılmışdı”.
Z.Məmmədov qeyd edib ki, bu baxımdan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində UNEC-də keçirilən konfransların əsas mahiyyəti professor-müəllim heyətinin, təhsilalanların elmi-tədqiqatların aparılmasına, eyni zamanda cəmiyyətin ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə və ekoloji mədəniyyətin inkişafına xidmət edib.
“Bu tədbirlərin hədəfi professor-müəllim heyətinin, tədqiqatçıların və ekspertlərin yaşıl iqtisadiyyat mövzusunda bilik potensialının və məlumatlılığının artırılması, konfrans iştirakçıları tərəfindən bu sahədə ən son yeniliklərin, tendensiyaların və problemlərin müzakirəsi, yaşıl iqtisadiyyat sahəsində təcrübə və tədqiqat nəticələrinin mübadiləsidir”- deyə, professor qeyd edib.
Z.Məmmədov universitetdə gənc tədqiqatçılar üçün yaradılan imkan və onlara verilən dəstəkdən də söz açıb. O, UNEC-də elmi-tədqiqat fəaliyyəti, ali məktəbin dünyanın nüfuzlu universitetləri ilə elmi əməkdaşlığı və beynəlxalq proqramlarda iştirakı barədə məlumat verib. Qeyd edib ki, UNEC-in qarşısında duran mühüm vəzifələrdən biri də “yeni nəsil tədqiqatçı” yetişdirməkdir.
“Bu məqsədlə universitetdə gənc tədqiqatçıların uğurlu fəaliyyəti üçün hər cür şərait yaradılır: elmi konfranslar, elmi seminarlar, “gənc tədqiqatçı” müsabiqələri keçirilir” - deyə, professor qeyd edib.