A

13-17 oktyabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Fəaliyyətin Təşkili şöbəsinin müdiri, UNEC Xanım Tədqiqatçılar Şurasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Nərgiz Hacıyeva Macarıstanın Ludovika İctimai İdarəetmə Universitetində “Ludovika Scholars Program” çərçivəsində Budapeştdə elmi səfərdə olub. 

Səfər müddətində Nərgiz Hacıyeva Ətraf Mühitin Davamlı İnkişafı İnstitutunun direktoru Tibor Biro, Víztudományi Karın beynəlxalq və strateji məsələlər üzrə dekan müavini Tamas Palvolgyi və “Su və ətraf mühit siyasəti” kafedrasının professor-müəllim heyəti ilə görüşlər keçirib. O, həmçinin Su Elmləri və Su Təhlükəsizliyi Milli Laboratoriyasını ziyarət edərək professor Eva Acs və UNESCO-nun Su Münaqişələrinin İdarə Olunması üzrə kafedrasının nümayəndələri ilə elmi fikir mübadiləsi aparıb. Görüşlərdə beynəlxalq su siyasəti, transsərhəd su hövzələrinin idarə edilməsi və məlumat mübadiləsinin institusional əsasları müzakirə olunub. 

Elmi səfər çərçivəsində tədqiqatçı “Blue Gold in Power Politics: How Water Shapes Conflict and Cooperation in the 21st Century” (“Hakimiyyət siyasətində mavi qızıl: Su XXI əsrdə münaqişə və əməkdaşlığı necə formalaşdırır?”) adlı beynəlxalq seminarda çıxış edib. O, mühazirəsində su resurslarının geosiyasi amil kimi beynəlxalq münasibətlərdə rolunu təhlil edərək, Nil, İndus və Mekong çaylarının nümunəsində su ehtiyatlarının siyasi və iqtisadi güc münasibətlərinə təsirini izah edib. 

Oktyabrın 16-da Nərgiz Hacıyeva “From Weapon to Resource: The Impact of Water in Conflict Dynamics and Post-War” (“Silahdan resursa: Münaqişə dinamikasında və müharibədən sonrakı dövrdə suyun rolu”) adlı açıq mühazirə ilə çıxış edib. O, mühazirəsində davamlı inkişaf və yaşıl iqtisadiyyata keçidin ekoloji, iqtisadi və sosial aspektlərini vurğulayıb, Azərbaycan və Macarıstanın yaşıl transformasiya təcrübələrini müqayisə edib. “Ganja Green City Action Plan” və “Karabakh Green Energy Zone” layihələrini uğurlu nümunələr kimi təqdim edib, qadın sahibkarlığının və gənclərin ekoloji təhsilinin gücləndirilməsinin vacibliyini qeyd edib. 

Elmi proqramın sonunda Nərgiz Hacıyeva Macarıstan Parlamentini ziyarət edib və ölkənin qərarqəbuletmə sisteminin tarixi və institusional əsasları ilə tanış olub

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay