Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin sosial və psixoloji maarifləndirilməsi istiqamətində növbəti tədbir baş tutub.
UNEC-in Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə “Maliyyə və mühasibat” fakültəsinin tələbələri üçün “Sağlam gələcəyin əleyhinə bir addım: erkən nikahlar” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə fakültənin dekanı, dosent Hafis Hacıyev açaraq erkən nikahların fərdlərin şəxsi inkişafı və cəmiyyətin ümumi rifahı baxımından doğurduğu çoxşaxəli mənfi təsirləri elmi faktlarla izah edib. O, erkən nikahların sosial, psixoloji və iqtisadi sahələrdə yaratdığı fəsadları diqqətə çatdıraraq, bu problemin qarşısının alınmasında maarifləndirmə tədbirlərinin əhəmiyyətini xüsusi vurğulayıb. H.Hacıyev tələbələrin sağlam və məsuliyyətli gələcək qurmaq üçün bu istiqamətdə kifayət qədər bilik və məlumatlara sahib olmalarının vacibliyini qeyd edib.
Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva da çıxış edərək erkən nikahların gənclərin psixoloji inkişafına və emosional sağlamlığına təsirlərindən bəhs edib. O, bu cür nikahların stress, depressiya, özünəinamın azalması kimi psixoloji pozuntulara səbəb olduğunu və bununla yanaşı təhsil imkanlarını məhdudlaşdırdığını, sosial adaptasiya prosesində çətinliklər yaratdığını bildirib. Psixoloq çıxışında elmi araşdırmalar və statistik məlumatlara əsaslanaraq problemin ciddiliyini izah edib və maarifləndirmə işlərinin bu istiqamətdə mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.