A

525-ci qəzet

QƏNİRƏ PAŞAYEVA: “REKTOR ƏDALƏT MURADOVUN TƏLƏBƏLƏRƏ MÜNASİBƏTİ VƏ TƏLƏBƏLƏRİN REKTORA YANAŞMASI ÇOX XOŞUMA GƏLDİ”

Dünən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış imtahan sessiyası ilə bağlı sonuncu “Açıq qapı” günü keçirilib.

“Açıq qapı”da UNEC rektoru, professor Ədalət Muradov, millət vəkilləri Qənirə Paşayeva, Hikmət Babaoğlu, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev ilə birgə tələbə və valideynləri qəbul edərək, onların müraciətlərini dinləyib. “Açıq qapı”da ümumilikdə 20-yə yaxın müraciət cavablandırılıb, məsələlərin operativ həlli ilə bağlı müvafiq struktur bölmələrə göstəriş verilib.

Müraciətlər əsasən təhsil haqqı borcu, imtahan vaxtının dəyişdirilməsi, imtahan nəticələrinin artırılması, işə qəbul, təkrar imtahan təşkili ilə bağlı olub. Tələbələr sərbəst şəkildə, çəkinmədən imtahan sessiyasında üzləşdikləri çətinliklər barədə rektora məlumat veriblər. Müraciətləri diqqətlə dinləyən rektor tələbələrə cavab olaraq məsələlərin araşdırılacağını və nəticə haqqda onlara məlumat veriləcəyini bildirib. Ə.Muradov vurğulayıb ki, hər bir tələbənin müraciəti ayrı-ayrılıqda obyektiv araşdırılır.

“Açıq qapı” günü ilə bağlı təəssüratlarını bölüşən millət vəkili Qənirə Paşayeva bildirib ki, ilk dəfədir ki, UNEC-də keçirilən “Açıq qapı”da iştirak edir: “Açıq qapı”da rektorla birgə müraciətləri dinlədik. Təəssüratlarım  müsbətdir. Rektor Ədalət Muradovun  tələbələrə, ona müraciət edən valideynlərə münasibəti və tələbələrin rektora yanaşması çox xoşuma gəldi. Tələbələr çox sərbəst idilər və rahatlıqla rektorlarına öz problemləri barədə məlumat verir, haqqlarını müdafiə edirdilər. Ədalət Muradov onlara bunun üçün imkanı yaradır, onları dinləyir və tələbənin xeyrinə qərarlar verirdi. Bütün müraciətlərə ictimaiyyətə açıq şəkildə baxıldı və müvafiq qaydalara uyğun addımlar atıldı. Hətta bəzi həssas məqamlarda, yəni sıxıntısı, çətinliyi olan tələbəyə fərdi yanaşıldı.  Mən bunu yüksək qiymətləndirirəm, bu, doğurdan da çox müsbət haldır. Rektorun universitet əməkdaşlarının sosial problemlerlə bağlı müraciətlərinə də həssaslıqla yanaşması da məmnunluq yaratdı. Mən bu gün UNEC-də keçirilən “Açıq qapı” da iştirak etməkdən böyük məmnunluq duydum. Düşünürəm ki, bu ənənə davam etdirilməlidir. Çox istərdim ki, digər universitet rektorları da belə “Açıq qapı”lar keçirsinlər”.

Millət vəkili Hikmət Babaoğlu vurğulayıb ki,  ali təhsil müəssisəsində istər dərs, istər imtahan, istərsə də “Açıq qapı” günlərinin ictimaiyyət nümayəndələrinə açıq keçirilməsi dünya təhsil sisteminə inteqrasiyanın bariz nümunəsidir. Millət vəkilinin sözlərinə görə,  o, UNEC-də tələbə biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində atılan addımları yüksək qiymətləndirir.

Tələbə və valideynlər yaradılan bu şəraitə, problemlərinin həllində göstərdiyi köməkliyə görə Ədalət Muradova öz minnətdarlıqlarını bildiriblər.

S.QARAYEVA

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay