A

AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü və təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası cəmiyyətdə böyük maraq oyadıb.

AZƏRTAC xəbər verir ki, aksiyaya start verildikdən, cəbhəboyu bölgələrdə və ön xətt mövqelərində silsilə tədbirlərin təşkilinə başlandıqdan sonra bu aksiyaya qoşulanların sayı xeyli artıb.

Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının təşkilat komitəsinin məlumatına görə, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası ilk olaraq bu vətənpərvərlik təşəbbüsünü yüksək dəyərləndirib və respublikanın bütün veteranlarının aksiyaya qoşulduqlarını bəyan edib.

Respublika Veteranlar Şurası sədrinin birinci müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov UNEC-ə ünvanladığı müraciətdə yazıb: “Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə dəstək olmaq hər birimiz üçün müqəddəs vəzifədir. Ulu öndərimiz Heydər Əliyevin dəfələrlə dediyi kimi, Ordu bütün xalqın övladıdır və onun formalaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatının, yerli orqanın və Azərbaycan vətəndaşının borcudur. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Ruh yüksəkliyi var. Nəinki, orduda, bütün cəmiyyətdə vətənpərvərlik hissi yüksəkdir. Bütün cəmiyyət vahid amal uğrunda birləşib. Biz veteranlar da bu işin daha da geniş vüsət alması üçün əlimizdən gələni əsirgəmirik. Azərbaycan əsgərləri ilə bizi sıx əlaqələr birləşdirir.

Bir neçə gün öncə UNEC-in təşəbbüsü və təşkilatçılığı ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına start verilməsi və UNEC-in rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovun rəhbərliyi ilə professor-müəllim heyətinin və tələbələrin bir qrupunun hərbi libas geyinərək cəbhəboyu bölgələrə, ön xətt mövqelərinə səfəri, fəxri döyüş növbələrində dayanması, əsgərlərlə bir yataqxanada gecələməsi, onlara mənəvi dəstək olması biz veteranları da hədsiz dərəcədə sevindirdi. Əsgər hiss edəndə ki, onu yada salan, ona arxa-dayaq olan, qayğıları ilə yaşayan, onun xidmətlərini yüksək qiymətləndirən arxa cəbhə varsa, deməli, ön səngərdə daha məğrur dayanacaq, ümidləri doğruldacaq, Vətən uğrunda, torpaq uğrunda canını, qanını belə əsirgəməyəcək.

Azərbaycan Dövlət İqtisad Universitetinin bu təşəbbüsü əsil vətənpərvərlik təşəbbüsüdür və təqdirəlayiqdir. Biz veteranlar bu təşəbbüsü ürəkdən alqışlayır və bu gündən UNEC-in təşkil etdiyi xeyirxah vətənpərvərlik aksiyasına qoşulduğumuzu bəyan edirik. Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinə səfərlərimizə bu gündən start verilir”.

Azərbaycan Dövlət Pedaqoji, Mədəniyyət və İncəsənət, Aqrar universitetlərinin professor-müəllim tələbə heyətləri də bu təşəbbüsə qoşulub və Azərbaycan əsgərinə mənəvi dəstək olmaq üçün ilk qruplarının səfərə çıxmağa hazır olduqlarını bildiriblər.

Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə də bütün yaradıcı insanların da bu vətənpərvərlik aksiyasına qoşulacağına əmindir. Ağsaqqallar Şurasının “Qələmlə, silahla...” adlı sanballı kitab hazırladığını və Azərbaycan əsgərinə hədiyyə edəcəyini bildirən Xalq şairi ahıl yaşında belə UNEC-çilərin sıralarında istənilən bölgəyə gedərək öz şeirləri, xeyir-duası ilə Azərbaycan əsgərinə mənəvi dəstək göstərməyə hər an hazır olduğunu bildirib.

Görkəmli bəstəkarımız, Xalq artisti, pedaqoji elmlər doktoru, professor, Əməkdar müəllim Oqtay Rəcəbov isə məktubunda yazıb: “Müharibə şəraitində yaşayan bir məmləkətdə hər kəs öz sahəsində əsgər olmalı, Ali Baş Komandanın ətrafında sıx birləşməlidir. Hər kəsi torpaqlarımızın işğaldan tezliklə azad edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpası məsələsi düşündürməlidir. Ən gözəl əsgərlərimizi Vətən müdafiəçilərinə həsr etməli, onları qələbəyə daha da ruhlandırmalıyıq. Mən vaxtilə “Musiqi və mənəvi tərbiyə” adlı bir monoqrafiya yazmışam. Musiqi əsgərlərin də mənəvi tərbiyəsində, onlarda yüksək əxlaqi və iradi keyfiyyətlər aşılanmasında, onların vətənpərvərlik hissinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Mən UNEC-in Azərbaycan əsgərinə mənəvi dəstək aksiyası keçirdiyini eşidib çox sevindim. Bütün cəmiyyət vətənpərvərlik hissi ilə yaşamalıdır. Ölkəmizdə aparılan böyük quruculuq, abadlıq işlərini, respublikamızın inkişafını, ordu quruculuğundakı islahatları, tərəqqini qiymətləndirməliyik. Yaşımın 80-ə yaxınlaşmasına baxmayaraq, mən bir gün də özümü Azərbaycan əsgərindən kənarda hiss etmirəm. Əsgər bizim öz balamız, ordu isə müdafiəçilərimizdir, milli təhlükəsizliyimizin qarantıdır. Azərbaycan əsgərinə bir müjdə vermək istəyirəm. Artıq Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun anadan olmasının 25 illiyinə həsr olunmuş “Çingiz” operamı başa çatdırmışam. Çingiz də universitet məzunu idi. Mübariz İbrahimovun qəhrəmanlığını təkrarladı. İndi ordumuzda yüzlərlə, minlərlə Mübariz kimi, Çingiz kimi, Fərid kimi oğullar var. Bu məni sevindirir. İnanıram ki, “Çingiz” adlı sayca yeddinci operam Azərbaycan əsgərinə qocaman bəstəkarın ən yaxşı töhfəsi olacaq. Əgər məni də aksiya qruplarından birinə qoşsanız, məmnuniyyətlə əsgərlərlə görüşə gedə bilərəm. Azərbaycan əsgərinə deyiləsi çox sözüm var”.

Universitetin 1983-cü il məzunu bəstəkar-müğənni Xalq artisti Niyaməddin Musayev isə ilk aksiya qrupunda təmsil olunmadığı üçün təəssüfləndiyini bildirib və xahiş edib ki, növbəti görüş zamanı o da sevimli ali məktəbinin kollektivi ilə bir yerdə olsun və öz mahnılarını ifa etməklə, mütəşəkkil müasir ordumuzun qurucusu ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini söyləməklə hər bir döyüşçüyə mənəvi dəstək olsun.

Xalqımızın və Ordumuzun “Döyüşən teatr” kimi tanıdığı, Xalq artisti, Dövlət mükafatları laureatı, unudulmaz Amaliya Pənahovanın yaratdığı Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivi də Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına qoşulanların ilk sıralarındadır. Onlar “Vətənə igidlər gərəkdir”, “Türk sancağı”, “Şanlı Vətən” və “Çingiz dastanı” tamaşaları ilə hərbi hissələrə qastrol səfərlərinə çıxacaqlarını bildiriblər.

“Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına qoşulmaq üçün müraciət edənlərin sayı gündən-günə çoxalır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay