A

azedu.az

Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında internat tipli təhsil müəssisələrinin nəticələri yüksək olub. Belə məktəblərdə təhsil alan bir çox şagird universitetlərə yüksək balla qəbul olunublar.

Ümumiyyətlə internat tipli ümumtəhsil müəssisələri aztəminatlı, zəruri sosial-məişət şəraiti olmayan ailələrdən qəbul edilən, valideyn himayəsindən məhrum, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələr üçün nəzərdə tutulan təhsil müəssisələridir.

Builki ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərənlərdən biri də Hüseyn Abdullayevdir.

AzEdu.az Hüseyn Abdullayevlə müsahibəni təqdim edir:

DOSYE: Hüseyn Abdullayev bu il Gəncə şəhər İnternat Tipli Xarici Dillər Təmayüllü Gimnaziyanı bitirib.  608 balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə və mühasibatlıq ixtisasına qəbul olunub.

Hüseyn bildirir ki, universitetə hazırlaşan zaman güclü əzmlə çalışmaq lazımdır. O həm də qeyd edir ki, yüksək nəticə toplayaraq universitetə qəbul olunan təkcə Hüseyn deyil. Onun sözlərinə görə, bir çox internat məktəbinin şagirdləri ali məktəblərə yüksək balla qəbul olunurlar.

“Yüksək nəticə əldə etmək üçün çox çalışdıqca istəklərimizə nail ola bilərik”

Bildiyimiz kimi, hazırda abituriyentlər ali məktəblərə adətən repetitorlar vasitəsi ilə hazırlaşırlar. Hüseyn də imtahanlara necə hazırlaşdığından bəhs edir:

“Ali məktəbə 10-cu sinifdən etibarən hazırlaşmağa başlamışam. Bəzi abituriyentlər düşünürlər ki, hələ 10-cu sinifdən intensiv hazırlığa ehtiyac yoxdur, elə 11-ci sinifdə oxusaq, bəs edər.  Lakin mən düşünürəm ki, bu, yaxşı nəticə vermir və bununla yüksək nəaliyyət əldə etmək olmaz. Mən artıq 10-cu sinifdən etibarən elə hazırlaşırdım ki, sanki hər an imtahan ola bilər”.

Min bir arzu,min bir hədəf!

Hüseyn arzularından, məqsədlərindən danışır. Orta məktəbdə oxuduğu vaxtlarda artıq qarşısına məqsəd qoyan Hüseyn getdikcə bu məqsədlərinə hədəfə çevirir. Və beləcə, elə uşaqlıq arzusu olan maliyə ixtisasına qəbul olunur.

“Araşdırdım və belə nəticəyə gəldim ki, elə oxumaq istədiyim universitet Azərbaycan Dövlət İqtisad Universitetidir. Elə əvvəldən marağım daha çox texniki fənlərə olub. Düzdü dəqiq elmlərə dair fənlər əsasən I və II ixtisas quruplarındadır və mənim ən çox sevdiyim fənlər də coğrafiya və tarix olduğundan II ixtisas qrupunu seçdim. İnşallah gələcəkdə maliyyə üzrə mütəxəssis kimi formalaşmaq istəyirəm”.

Tələbədən şagirdlərə tövsiyə...

-İstər internat tipli məktəbdə təhsil alın, istərsədə digər məktəb və ya liseylərdə. Əmin olun, hər şey hədəfi düzgün seçməklə başlayır. Digər insanların fikirlərinə hörmətlə yanaşmaq lazımdır. Lakin mənim dünyamda digərlərinin fikirləri ilə hərəkət etmək olmaz. Məqsədiniz nədirsə, onu hədəfə çevirin. Və beləcə bu yolda addımlamağa başlayın!

Şükufə Süleymanlı

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay