A

“525-ci qəzet”

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, "Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə "Ailə dəyərlərimiz və müasirləşmə" adlı layihə çərçivəsində seminar-treninq keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin Birinci müavini Səyyad Salahlı, UNEC-in İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev və univerisitetin tələbələri iştirak ediblər. Tədbirdə çıxış edən UNEC-in İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev deyib ki, UNEC-də hazırda 20 minə yaxın tələbə təhsil alır: "Bu universitet təkcə Azərbaycanda deyil, bütövlükdə Cənubi Qafqazda iqtisad yönümlü ən böyük universitetdir. Bizim universitetimiz yeganə ali məktəbdir ki, 4 dildə - ingilis, rus, türk və Azərbaycan dillərində tədris həyata keçirir. Bizim universitetimiz yeganə ali məktəbdir ki, xarici ölkədə - Rusiyada filialı var. Universitetimiz yeganə dövlət universitetidir ki, onun İSO beynəlxalq keyfiyyət standartı var. Ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əsas hədəflərindəndir. Bu strategiya həm də Prezident İlham Əliyevin müəyyən etdiyi "insan kapitalı"nın formalaşdırılması strategiyası kimi qəbul edilə bilər. Strategiyada qeyd edilən əsas istiqamətlərin reallaşdırılması, keyfiyyət meyarlarının sistemin əhəmiyyətli dayaq nöqtəsinə çevrilməsi Azərbaycanda müasirləşən təhsilin ən mühüm təşəbbüsləri sırasındadır. Bu baxımdan UNEC-də həyata keçirilən islahatların əsas öncəlikləri kimi əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təmin edilməsini və ölkənin rəqabət qabiliyyətini artıran insan kapitalının formalaşdırılmasına xidmət edilməsini göstərmək olar. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin Birinci müavini Səyyad Salahlı deyib ki, Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və ailə dəyərləri, əslində, bizim milli dəyərlərimizdir. Biz ümumbəşəri dəyərləri bölüşürük, ancaq bizim üçün əsas dəyərlər Azərbaycanın milli dəyərləridir. Bu baxımdan, əgər tarixə də nəzər salsaq, görərik ki, xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır: “Biz hamımız ailənin hər bir insanın, cəmiyyətin və ölkənin həyatında necə mühüm əhəmiyyət daşıdığını bilirik. Məhz ailədə əxlaq, mənəviyyat və vətənpərvərliyin əsasları qoyulur. Sağlam, möhkəm ailə hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır. Ailə münasibətləri insan həyatının mühüm aspektlərindən birini təşkil edir”. S.Salahlı qeyd edib ki, Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət,tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Ümummilli lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi qeyd edərək belə deyirdi: «Ailə dəyərləri, ailə ənənələri, milli mənəvi dəyərlərimizə sədaqət , uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir». “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova isə vurğulayıb ki, "Ailə dəyərlərimiz və müasirləşmə" adlı layihənin əsas məqsədi ailə dəyərlərinin təbliği və cavan ailələrə düzgün çatdırılmasıdır: “Vətəndaş cəmiyyəti olaraq başlıca vəzifəmiz əsas dəyərlərimizdən biri olan ailə institutunun qorunmasında iştirak etməkdir. Ailəmiz möhkəm olarsa, cəmiyyətimiz və dövlətimiz də o qədər qüdrətli olacaq”.

Sonra tələbələrə sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay