A

AZƏRTAC

Dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələrlə əlaqədar Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilib

Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Heydər Əliyev muzey-lektoriyası”nda Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə nitqindən irəli gələn vəzifələrin icrasının əsas istiqamətlərinə dair dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masada xüsusi təyinatlı təhsil müəssisələrinin və UNEC-in professor-müəllim heyətlərinin nümayəndələri iştirak ediblər.

Muzey-lektoriya ilə tanışlıqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib.

Dəyirmi masanın aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani son vaxtlar ölkəmizin ictimai-siyasi həyatında baş verən mühüm yeniliklər, aparılan uğurlu islahatlar, kadr siyasətində gəncləşmə prosesi, eləcə də Azərbaycanın reallaşdırdığı, dünyanın həsədlə izlədiyi bir sıra mötəbər beynəlxalq tədbir və nəhəng layihələr barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ideyaları ölkəmizdə uğurla həyata keçirilir. Respublikamızın sükanı etibarlı əllərdədir və Azərbaycan bu ili də bütün sahələrdə qazanılmış nailiyyətlərlə başa vuraraq 2020-ci ildə xalqımızın və dövlətimizin tarixinə daha möhtəşəm səhifələr yazmaq əzmi ilə yeni ili qarşılamağa hazırlaşır. Müstəqilliyinin 101-ci ildönümünü qeyd etməsinə baxmayaraq, Azərbaycan əsl müstəqillik dövrünü bu gün yaşayır. Prezident İlham Əliyevin noyabrın 26-da Bakı Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə böyük iftixar hissi ilə dediyi kimi, “Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır”.

Nəzərə çatdırılıb ki, respublikamız inkişaf etdikcə, xalqımızın sosial rifahı, firavan həyat tərzi daha da yaxşılaşdıqca, ölkəmizin müdafiə qüdrəti durmadan möhkəmləndikcə bu tərəqqini gözü götürməyən qüvvələrin, antiazərbaycan dairələrin gəncləri əsas hədəf seçərək yoldan çıxarmaq, beyinlərini zəhərləmək, xalqa, Vətənə, ənənəvi dəyərlərə qarşı qaldırmaq cəhdləri boşa çıxacaq. Dövlətimizin başçısının qətiyyətlə dediyi kimi “Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar. Ancaq o niyyət var və biz bunu bilməliyik, müəllimlər də bilməlidirlər. Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq”.

UNEC-in prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent, Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Mikayıl Zeynalov Prezident İlham Əliyevin BDU-nun yubileyindəki nitqinin hər bir müəllim, tələbə, o cümlədən vətəndaş tərəfindən öyrənilməsinin zəruriliyini vurğulayıb. Prorektor həmin nitqin öyrənilməsi və təbliği ilə bağlı UNEC-də silsilə tədbirlərin planlaşdırıldığını və ardıcıl olaraq həyata keçirildiyini bildirib: “Qarşımızda duran əsas vəzifə sağlam mənəviyyata malik, öz tarixini mükəmməl bilən, milli-mənəvi dəyərlərə sadiq savadlı, intellektual səviyyəli vətəndaşlar yetişdirməkdir. Bu işdə həm xüsusi təyinatlı təhsil müəssisələrində, həm də mülki təhsil müəssisələrində çalışan müəllimlərimizin də qarşısında çox böyük vəzifələr durur. Bu vəzifələrin icra mexanizmini də Prezident İlham Əliyev BDU-nun yubiley mərasimində daha aydın şəkildə göstərib: Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər... Gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax, belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq”.

Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Mehman Süleymanov qeyd edib ki, Azərbaycan Ordusu üçün ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tədqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikamızın müdafiəsi ilə əlaqədar hərbi-strateji və hərbi-siyasi məsələlərin öyrədilməsini təmin etmək məqsədilə 20 il öncə yaradılan Silahlı Qüvvələrin Hərbi Akademiyasının şəxsi heyəti də Prezident, Ali Baş Komandan İlham Əliyevin bu nitqini böyük maraqla və diqqətlə izlədi. İndi əsas məsələ bu tarixi nitqdən irəli gələn vəzifələrin əsas istiqamətlərinin müəyyənləşdirilməsi və həyata keçirilməsidir.

“Azərbaycan Prezidenti İlham Əliyevin BDU-nun 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan təhsilinin qarşısında dayanan vəzifələr haqqında söylədikləri dəyərli fikirləri bütünlüklə hərbi təhsilə də şamil etmək mümkündür. Bu nitqdən irəli gələn vəzifələr əslində bütün cəmiyyətimiz qarşısında, gələcəyimiz qarşısında, o cümlədən də hərbi qulluqçularımız qarşısında dayanan vəzifələrdir və müstəqil dövlətçiliyimizin gələcəyi, xalqımızın sabahı həmin vəzifələrin doğru, dürüst və düzgün həllini tələb edir”, - deyə Mehman Süleymanov bildirib.

UNEC-in tələbələrlə iş üzrə prorektoru, Əməkdar müəllim, iqtisad elmləri namizədi, dosent Səadət Qəndilova Ulu Öndərimizin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident İlham Əliyevin BDU-nun yubileyindəki məzmunlu və əhatəli nitqinin məhz Heydər Əliyevin ideyalarına əsaslandığını qeyd edib. Bildirib ki, vaxtilə unudulmaz liderimiz Heydər Əliyev gənclərin milli ruhda, milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmasına xüsusi önəm verər və onların tariximizi, milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməsi üçün yollar göstərər, hər bir gəncin Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni, ölkəni, torpağı sevməsini, dilimizi, dinimizi sevməsini çox istərdi. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra gənclərlə iş sahəsində yaranmış boşluq aradan qaldırıldı və gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət sahələrindən birinə çevrildi. Prezident İlham Əliyev isə dövlət gənclər siyasətində yeni mərhələnin başlanğıcını qoydu. UNEC-in 20 min nəfərlik kollektivinin əsas hissəsini təşkil edən gənclərlə iş bizim universitetdə də prioritet məsələyə çevrilib. UNEC-in rəhbərliyi tələbə gənclərin vətənpərvərlik tərbiyəsinə ciddi fikir verir, onlar üçün istənilən şərait yaradılır. Müdafiə Nazirliyi ilə birlikdə silsilə tədbirlər həyata keçirilir, tələbələrin, professor-müəllim heyətinin tez-tez cəbhə bölgələrinə səfərləri təşkil olunur.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Gəmiçilik və radio-texniki sistemlər kafedrasının rəisi, birinci dərəcəli kapitan, texnika üzrə fəlsəfə doktoru, professor Əsəd Rüstəmov bildirib ki, Prezident İlham Əliyevin BDU-nun 100 illik yubileyindəki tarixi nitqi hərbi professor-müəllim, eləcə də kursant heyəti qarşısında da böyük vəzifələr qoyub. Bu vəzifələr Vətən borcu qədər müqəddəs və məsuliyyətlidir.

UNEC-in Rus İqtisad Mərkəzinin direktoru, iqtisad elmləri namizədi, dosent Mənsur Bərxudarov, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Döyüş təminatı kafedrasının baş müəllimi polkovnik-leytenant Vüsal İbrahimov, UNEC Qadınlar Şurasının sədri, dosent Təranə Kərimova, UNEC-in Xarici dillər kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Afət Abbasova, UNEC-in fizika-kimya kafedrasının müdiri, fizika elmləri doktoru, professor Rövnəq Rzayev, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin əməkdaşı mayor Xəyal İsgəndərov, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin baş müəllimi polkovnik-leytenant Emil Səmədov və başqaları da çıxışlarında dövlətimizin başçısının proqram xarakterli nitqinin dərindən öyrənilərək təhlil olunmasının və geniş təbliğ edilməsinin vacibliyini diqqətə çatdırıblar.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəis müavini, İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Rasim Əliyev dəyirmi masaya yekun vuraraq tədbir iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin minnətdarlığını çatdırıb. R.Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubiley tədbirindəki nitqindən irəli gələn vəzifələrin uğurla həyata keçiriləcəyinə əminliyini bildirib.

Dəyirmi masa iştirakçılarına UNEC-in nəşri olan “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” və Abdulla Qurbaninin “Ordu gəncləri böyük qüvvədir” kitabları hədiyyə edilib.

Sonra Müdafiə Nazirliyinin dəstəyi ilə Bakı Bələdiyyə Teatrının Əməkdar incəsənət xadimi Abdulla Qurbaninin “Çingiz dastanı” mənzum dramı əsasında hazırladığı ikihissəli tamaşa nümayiş olunub. Tamaşanı Bakı Qarnizonundakı hərbi hissələrin və xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim və tələbələri ilə yanaşı, UNEC-in 200-dən çox nümayəndəsi də maraqla izləyib.

TOP XƏBƏRLƏR