president.az

Möhtərəm cənab Prezident.

Mən müstəqil Azərbaycan Respublikasının gənc bir vətəndaşı olaraq bu məktubu yazmağı özümə borc bildim. İlk olaraq onu bildirmək istərdim ki, hər bir Azərbaycan gənci, həmçinin bütün Azərbaycan vətəndaşları Sizinlə qürur duyur. Gördüyünüz bütün işlər Azərbaycan xalqının, Azərbaycan vətəndaşının daha xoş güzəranını qurmaq, sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır. Azərbaycan vətəndaşları öz dövlətinə və Prezidentinə ürəkdən inanır, taleyini Sizə etibar edir, hər bir işdə Sizə güvənir, harada, hansı ölkədə yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin dəstəyini, gücünü hiss edir. İnanırıq ki, Sizin düşünülmüş siyasətiniz nəticəsində biz azərbaycanlılar bütün çətin sınaqlardan uğurla çıxacağıq.

Mən şəxsən öz adımdan və təhsil aldığım Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri adından Sizə dərin minnətdarlığımı və sonsuz təşəkkürümü bildirirəm. Məlumdur ki, dünyada tüğyan edən yeni növ koronovirus pandemiyası Azərbaycanımızdan da yan keçməmişdir. Bəşəriyyətin üzləşdiyi koronovirus pandemiyasının törətdiyi fəsadlar bir çox dünya ölkələrində milli fəlakət səviyyəsinə kimi yüksəlməkdədir. Lakin biz çox xoşbəxt xalqıq ki, Sizin kimi uzaqgörən Liderimiz var. Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyünüz işlər, Sizin bu sahədə qəbul etdiyiniz qərarlar və hər bir çıxışınız xalqımız tərəfindən yüksək dəyərləndirilir.

Cənab Prezident, Sizə hər zaman xalqımıza dayaq olduğunuz üçün, həm öz adımdan, həm də bütün gənclər adından təşəkkürümü bildirirəm. Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi varisi olaraq Ulu Öndərin daxili və xarici siyasət strategiyasının parametrləri Sizin sayənizdə ləyaqətlə davam etdirilməkdədir. Bu şərəfli yolda, ölkəmizin uğurlu gələcəyi naminə gördüyünüz bütün işlərdə Sizə tükənməz müvəffəqiyyətlər arzulayıram.

Dərin hörmət və ehtiramla,
Cəfərbəyli Yusif Vahid oğlu
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay