A

azedu.az

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) distant ali təhsil sahəsində qlobal müzakirələrə qoşulmaq və yeni ali təhsil modelinə müvafiq töhfələr vermək məqsədilə distant ali təhsillə bağlı hər il keçirilməsi nəzərdə tutulan Beynəlxalq Foruma start verib.

İlk onlayn forum bu gün saat 16:00-da  keçiriləcək. Forumun moderatoru universitetin rektoru, professor Ədalət Muradov olacaq. Almaniya, Türkiyə, Kanada, İngiltərə və ABŞ-da yaşayan azərbaycanlı alimlərin bir platformada toplaşdığı onlayn forum Azərbaycan dilində aparılacaq. Dünyanın aparıcı ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərimiz distant təhsillə bağlı öz dəyərli mülahizələrini forumda bölüşəcəklər.

Forumun ölkəmizdə keçirilməsi Azərbaycanda distant təhsil kultunu gücləndirə biləcəkmi? Ekspertlər bu barədə nə düşünürlər?

“Distant təhsil üzərində işlər  UNEC-də bu ildən deyil, bir neçə il öncədən başlayıb”

“Bugün keçiriləcək Beynəlxalq Forum təhsilimiz üçün müstəsna əhəmiyyət daşıyır. Ölkəmizdə koronavirus yeni yaranan vaxtlarda(martın 10-da) facebook hesabımda status yazmışdım. Orada “koronavirus bizi distant təhsilə bağlayacaq” kimi fikir bildirmişdim. Belə də oldu. Bu istiqamətdə UNEC-in praktikası, səriştəsi  çoxdur. Distant təhsil üzərində işlər  UNEC-də bu ildən deyil, bir neçə il öncədən başlayıb. Bunun nəticəsində də bu cür Beynəlxalq Foruma ev sahibliyi edir. Şagirdlər və tələbələr məktəbə-universitetə gedə bilməsələr də distant şəkildə informasiya əldə edə bilirlər”.

Bu fikirləri AzEdu.az-a açıqlaması zamanı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov bildirib. O, qeyd edib ki, universitetlərimiz UNEC-in distant təhsil təcrübəsindən fayalanmalıdırlar:

“Distant təhsilin himni UNEC-də yazılıb. Distant təhsil istiqamətində universitetin kifayət qədər təcrübəsi var. Hazırda bu təcrübəni paylaşmaq ərəfəsindədir. Yaxşı olardı ki, digər universitetlərimiz də bu təcrübədən faydalanalar”.

“Nəticədə həm Amerika, həm də Avropa təhsilini müzakirə etmiş olacağıq”

 Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru Elçin Süleymanov forumun vacibliyi haqda bunları qeyd edir:

 “Distant təhsillə əlaqəli UNEC-in təşkil etdiyi və rektor Ədalət Muradovun moderatorluğu ilə keçiriləcək Beynəlxalq Forum çox dəyərli fəaliyyətdir. 2 məsələyə görə təşkilatçıları təbrik edirəm: Birincisi mövzu çox aktualdır. İkincisi isə forumun iştirakçıları Azərbaycanı xaricdə layiqincə təmsil edən həmyerlilərimizdir. Onlar dünyanın məşhur universitetlərində pedaqoji fəaliyyətlə məşğuldurlar. Bəzilərini şəxsən tanıyıram, bəziləri ilə akademik əməkdaşlıq edirik. Bu cür insanların Azərbaycan ictimaiyyəti üçün  çalışdıqları universitetlərin distant təhsil təcrübəsini bölüşməsi  çox faydalı olacaq. Nəticədə həm Amerika, həm də Avropa təhsilini müzakirə etmiş olacağıq. Hələki distant təhsil forması Ali təhsil haqqında qanunumuzda ümumi olaraq yer alıb, xüsusi şəkildə isə əlavə olunmayıb. Düşünürəm ki, yaxın vaxtlarda qanunda bununla bağlı dəyişiklik olacaq.

O, həmçinin forumun təşkilatçılarına təşəkkürünü bildirdi:

 “Distant təhsilin faydasını ən çox pandemiya zamanı gördük. Bu cür forumların vasitəsilə dünyanın məşhur elm adamlarını öz təhsilimiz haqda məlumatlandıra və ölkəmizə yönəldə bilərik. Distant təhsil ənənəvi təhsilə dəstəkdir. Universitetlərimiz distant təhsilə uyğun profesional auditoriyalar qurmalıdır. Bugünki beynəlxalq forumu diqqətlə izləyəcəm. Təşkilatçılara təşəkkür edirəm. Virtual dərslər zamanı bütün onlayn platformaların(Microsoft, Google classroom, ZOOM, Skype və s) imkanlarından istifadə edirəm. Gələcəkdə ikilidiplom proqramlarını bu platformalardan istifadə edərək həyata keçirə bilərik. Distant təhsil ənənəvi qiyabi təhsildən daha uğurlu formadır. Çünki distant təhsilin semestr, dərs müddəti ənənəvi təhsillə eyni olur. Sadəcə olaraq forması fərqli olur, yəni, tələbələr universitet auditoriyasında deyil, öz evlərindən dərslərə qoşula bilirlər. Eyni zamanda onlayn dərsləri yadaşda saxlayıb təkrar izləmək də mümkündür”.

Qeyd edək ki, distant ali təhsillə maraqlanan hər bir şəxs forumda iştirak edə bilər. Onlayn forumu UNEC-in rəsmi Facebook (facebook.com/uneceduaz) səhifəsindən, Youtube (youtube.com/unecofficial) kanalından və unec.edu.az saytından canlı izləmək və suallar ünvanlamaq mümkün olacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay