A

azedu.az

Ötən gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Distant ali təhsil: Yeni imkanlar və müasir çağırışlar” mövzusunda UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020 keçirilib.

Onlayn Beynəlxalq Forum xaricdə yaşayan azərbaycanlı alimlərlə birlikdə ölkə Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına qoşulmaq, eyni zamanda distant ali təhsil sahəsində qlobal müzakirələr keçirmək və yeni ali təhsil modelinə müvafiq töhfələr vermək məqsədilə təşkil olunub.

Moderatoru UNEC-in rektoru, professor Ədalət Muradov olan onlayn beynəlxalq forumda, Almaniyanın Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev, Türkiyənin İzmir Universitetinin professoru İsmixan Bayramoğlu, Kanadanın Vaterlo Universitetinin professoru İlham Axundov, Birləşmiş Krallığın Durham Universitetinin professoru Nigar Həşimzadə və ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin professoru Fariz Hüseynov iştirak ediblər.

Forumda rektor Ədalət Muradov bildirib ki, koronavirus pandemiyasından sonra dünya təhsil sistemində köklü dəyişikliklər baş verdi və baş verən proseslərin fonunda distant təhsil özünü yeganə və alternativsiz təhsil kimi göstərdi. O, koronavirus pandemiyası dövründə distant təhsilin təkcə Azərbaycanda deyil, bütün dünyada təhsil sistemini iflasdan xilas etdiyini xüsusi vurğulayıb.

Distant ali təhsilin təşkili haqqında müzakirələrin aparılmasının və vahid yanaşmanın formalaşmasının vacibliyini diqqətə çatdıran professor Ədalət Muradov, beynəlxalq forumda bu istiqamətində azərbaycanlı ziyalılarla ciddi müzakirələrin aparılacağını deyib.

Ölkə Prezidenti İlham Əliyevin çağırışlarına cavab verən bu addım eyni zamanda ölkəmiz üçün təhsil sferasında yeni mərhələyə keçid hesab edilir.

Məsələ ölkənin elmə və təhsil ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir.

"Azərbaycan Dövlət İqtisad Universitetinin dünyanın müxtəlif ölkələrinin universitetlərində çalışan azərbaycanlı alimlərini bir araya gətirməsini çox yüksək qiymətləndirirəm".

 AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib.

O, qeyd edib ki, ümumiyyətlə, texnologiyaların, elmin, tibbin, hüquqi xidmətin, jurnalistikanın və s. distantlaşması əhəmiyyətli məsələlərdir:

"Biz bunlara önəm verməliyik. Çünki istənilən məkanda, zamanda əlaqə yarada bilirsən, müzakirə apara bilirsən, böyük xərc çəkmirsən və ən əsası vaxt itkisinə yol vermirsən. Azərbaycan təhsil sistemində də distant xidmətin artırılmasını, şagirdlərə, tələbələrə belə imkanların yaradılmasını dəstəkləyirəm. Güman edirəm ki,postkoronavirus dövründə təhsil, elm sistemi həmin məsələlərə böyük diqqət ayıracaq. Artıq distant formada beynəlxalq elmi konfranslar, zəruri onlayn toplaşmalar artacaq. UNEC-in başladığı bu təşəbbüs təqdirəlayiqdir. UNEC qabaqcıl texnologiyalara doğrudan da böyük diqqət ayırır. Bizim ayrı-ayrı universitetlərdə, dünya təhsil müəssisələrində çalışan alimlərimizi tanıyıram. Hər birinin fəaliyyətini yüksək qiymətləndirirəm. Həmin universitetlərdə distant təhsil yüksək səviyyədədir. Onlayn universitetlər açılır. İnsanlar bu texnologiyalardan istifadə edib, təhsil, diplom alırlar. Hesab edirəm ki, bu məsələnin inkişaf etdirilməsi önəmlidir. Azərbaycanın ali təhsil müəssisəsinin bu kimi məsələlərdə öndə dayanması uğurumuzdur ". 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay