APA TV

Ali və orta təhsil müəssisələrində bu aydan etibarən semestr imtahanlarına start veriləcək.

APA TV xəbər verir ki, koronavirus pandemiyasının yaratdığı mövcud vəziyyətə əsasən təhsil müəssisələrində təlim tərbiyə işinin dayandırılması imtahanlara da öz təsirini göstərib. Belə ki, qəbul edilən qərarlara əsasən semestr imtahanları onlayn şəkildə həyata keçiriləcək.

Azərbaycan Dövlət İqtisad Universiteti imtahanlar çərçivəsində bir çox güzəştlər edib.

Bu barədə APA TV-yə açıqlamasında universitetin imtahan mərkəzinin direktoru Söhrab İsayev bildirib. O qeyd edib ki, universitetdə bakalavr və magistr pilləsi üzrə əyani və qiyabi formada təhsil alan bütün tələbələr üçün ayrılıqda güzəştlər edilib. Bu güzəştlərdən biri bakalavr pilləsi üzrə əyani təhsil alan tələbələr üçün yaradılan şəraitdir: “Fənn üzrə ayrılmış dərs saatının 25%-dən artığında iştirak etmədiyi təqdirdə onlar imtahana buraxılmırdılar. Hal-hazırda bu məsələni ümumiyyətlə biz ləğv etmişik. Bu tələbələrə davamiyyətlə bağlı edilmiş güzəştdir. Biz tələbələrin davamiyyət qiymətini 10 bal olaraq qəbul edirik. Bakalavrlarımız qəbul etdiyi təqdirdə distant imtahanlarımızda iştirak edirlər. Əgər tələbə distant imtahandan imtina edərsə həmən tələbələr üçün avqust-sentyabr aylarında ənənəvi qaydada imtahan verə biləcəklər”.

Söhrab İsayev həmçinin qeyd etdi ki, əgər tələbə hər iki formadan imtina edərsə növbəti tədris ilində fənlərdən alt qruplara yazılmaqla ona növbəti dəfə imtahan vermək şansı veriləcək.

Bundan başqa, tələblər bu imkanlardan ödənişsiz əsaslarla yararlanacaqlar.

Mərkəzin direktoru internet problemləri olan tələbələr üçün universitetin xüsusi addım atdığını da deyir: “İnternet imkanları olmayan tələbələrimizin imtahanlarda iştirak etməklə bağlı bizim onlara 5GB internet hədiyyəmiz olacaq. Biz belə hesab edirik ki, onların imtahan verməsi üçün kifayət qədər həcmdir”.

Qeyd edək ki, bu məbləğ tələbə kartlarına pul şəkilində yüklənəcək.

Universitetin tələbəsi Cavidan Adilzadə imtahanlarda onlara edilən güzəştlərin tələbələrə kömək olduğunu bildirir: “İmtahanda bizə güzəştlər nəzərdə tutulub. Biz 700 suala hazırlaşıb imtahana girirdik. İndi həmin sualların sayı 350-yə endirilib. Həmçinin çətinlik səviyyəsi yüngülləşdirilib. Bu müddət ərzində boş qalmadıq. Dərslərimizlə məşğul olduq, imtahan vaxtı da fəallıq göstərəcəyik”.

Qeyd edək ki, sözügedən universitetdə imtahan sessiyası bu ayın 8-dən başlayacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay