İyunun 4-də Gəncədə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların 3-cü Beynəlxalq Elmi Konfransı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən və iyunun 7-dək davam edəcək konfrans “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunub.
Bütövlükdə onlayn təşkil edilən konfransın rəsmi açılışı nüfuzlu qonaqların iştirakı ilə Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində olub.
Konfransda təhsil naziri Emin Əmrullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, UNEC-in rektoru Ədalət Muradov, həmçinin Milli Məclisin deputatları, dövlət qurumlarının əməkdaşları və elm xadimləri iştirak ediblər.
Beynəlxalq konfransın iştirakçıları əvvəlcə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin məqbərəsini və ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Sonra konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
İştirakçılar ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransı açan UNEC-in rektoru, professor Ədalət Muradov bildirib ki, builki konfrans iqtisadiyyat və idarəetmə sahəsində 3-cü belə beynəlxalq tədbirdir. Bu konfrans UNEC tərəfindən beynəlxalq elmi bazalarda indekslənməsi nəzərdə tutulan beynəlxalq konfranslardan biridir. Bu konfrans dünyanın bir sıra nüfuzlu elmi konfrans platformalarının üzvüdür. Bundan əlavə, konfransa göndərilmiş seçilmiş tədqiqat işləri dünyanın 30–a yaxın nüfuzlu elmi platformada indekslənən beynəlxalq elmi jurnalda nəşr olunacaq. Təqdim olunmuş işlərin bir hissəsi isə elmi redaktorlu kitab halında beynəlxalq nəşriyyatda nəşr ediləcək. Həmin kitabın elektron versiyası dünyanın nüfuzlu Harvard, Oksford, Yale, Stanford, Princeton, Kolumbiya, Toronto, Çikaqo, Duke universitetləri, Royal Danish Library, British Library, Biblioteque Nationale de France kimi ali təhsil müəssisələrinin kitabxana kataloqlarında yer alacaq. Konfransda təqdim olunmuş məruzələrin dünyanın nüfuzlu indeksli və yüksək impakt faktorlu xarici jurnallarda nəşri də nəzərdə tutulur.
Məlumat verilib ki, konfransda dünyanın 34 ölkəsindən 695 tədqiqatçı, BMT, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı kimi nüfuzlu təşkilatların mütəxəssisləri, dövlət qurumlarının təmsilçiləri, deputatlar, özəl sektor nümayəndələri iştirak edir. Dörd gün davam edəcək konfransda 16 seminarda 65, 66 bölmədə isə 444 olmaqla, 510 elmi məruzə dinləniləcək.
Rektor bildirib ki, birinci konfransa 21 ölkədən 385, ikinci konfransa 28 ölkədən 430 elmi iş daxil olunub. Bu gün başlayan 3-cü konfransda əvvəlki konfransla müqayisədə ölkələrin sayı 34-ə, təqdim edilmiş elmi işlərin sayı isə 444-ə çatıb. Bu isə konfransın beynəlxalq nüfuzunun artdığını göstərir.
Vurğulanıb ki, 3-cü konfransı əvvəlkilərdən fərqləndirən bir neçə digər ciddi məqamlar var. Birincisi, bugünkü 3-cü beynəlxalq konfrans ərazi bütövlüyünü təmin etmiş Azərbaycanda keçirilir. Belə ki, xalqımızın Vətən müharibəsində qazandığı möhtəşəm zəfər regionumuzda tamamilə yeni reallıqlar yaratmaqla yanaşı, Azərbaycanın və bütövlükdə regionumuzun dayanıqlı inkişafı üçün yeni perspektivlər açır. İşğaldan azad olunmuş ərazilərimizdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin işlənməsi və reallaşdırılması, yaşıl enerji və müasir enerjiyə qənaət texnologiyalarından istifadə, təbii resursların istehsal proseslərinə cəlb olunmasında yüksək ekoloji standartların tətbiqi, yeni nəqliyyat dəhlizlərinin açılması kimi strateji məsələlərin elmi cəhətləri bu gün Azərbaycan iqtisadçılarının gündəmində olan əsas mövzulardandır.
İkincisi bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi qeyd olunur. Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli”nin elan olunması nəzərə alınaraq, builki 3-cü beynəlxalq konfrans Nizami Gəncəvinin 880 illiyi münasibətilə şairin yurdunda təşkil olunub.
Nizami yurdunda beynəlxalq konfransın iştirakçılarını salamlayan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında bildirib ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə, hələ qədim dövrlərdən dünyanın elm və zəngin mədəniyyət mərkəzlərindən biri kimi bir çox əlamətdar hadisələrə şahidlik edib. XII əsrdə bütün dünyada Müsəlman -şərq intibahının mərkəzi şəhərlərindən olan Gəncədə həmin dövrün bir çox tanınmış şəxsiyyətləri, xüsusən Şərqin ilk şairə qadını Məhsəti Gəncəvi və Nizami Gəncəvi kimi dünya poeziyasının xəzinəsini özünün ölməz əsərləri ilə zənginləşdirən dahi şair və mütəfəkkir yaşamışdır. Gəncə, həmçinin özünün lirik poeziyası ilə bütün Avropada böyük şöhrət qazanmış Mirzə Şəfi Vazehin, Cavad xan kimi tarixi şəxsiyyətlərin Vətəni və Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtıdır.
Vurğulanıb ki, Beynəlxalq elmi konfrans Azərbaycan təhsilinə böyük töhfələr verməklə yanaşı, Nizami yurdunun dünyada tanıdılmasında da mühüm rol oynayacaq.
Sonra Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun videoçıxışı təqdim olunub. Nazir çıxışında innovativ iqtisadiyyatın təhsil sistemi ilə bağlılığına diqqət çəkib, UNEC-də keçirilən elmi konfransların bu istiqamətdə təqdirəlayiq olduğunu deyib. Dövrün qlobal çağırışlarından, sosial-iqtisadi inkişaf və inkişafın dayanıqlığını təmin edən amillərdən söz açan M.Cabbarov, 4-cü sənaye inqilabının ölkə iqtisadiyyatı qarşısında yeni yanaşmalar ortaya qoyduğunu, Azərbaycanın hərb meydanında qazandığı qələbənin təməlində güclü iqtisadiyyatın dayandığını deyib. Mikayıl Cabbarov Nizami Gəncəvi yaradıcılığının dayanıqlı inkişafın təmin edilməsi üçün aparılan tədqiqatlar sahəsində tükənməz xəzinə olduğunu da bildirib.
Təhsil naziri Emin Əmrullayev konfransda elmi tədqiqatların aparılmasının əhəmiyyətindən danışaraq bildirib ki, tədqiqat işlərində vaxtı keçmiş alətlərlə müasir dövrün çağırışlarına cavab vermək istəyi müşahidə olunur. Bu sahədə dəyişikliyin həyata keçirilməsi, ali təhsilin yeni modelinin qurulması və bunun elmi tədqiqatlara sirayət etməsi önəmlidir. Nazir son illər ərzində azərbaycanlı alimlərin yazdığı məqalələrin sayında dəyişiklik nəzərə çarpdığını da deyib: “Bu sayı daha da artırmaq lazımdır. Kimlərin həmin məqalələrdən sitat gətirməsi məsələsi də önəmlidir. Gündə bir neçə saatlıq tədqiqat aparmaqla dünya alimləri ilə rəqabət aparan alim nəsli yetişdirə bilmərik. Odur ki, çalışqan olmaq lazımdır”.
“PAŞA Holdinq” Şirkətlər Qrupunun Baş icraçı direktoru Cəlal Qasımov isə videoçıxışında holdinq tərəfindən təhsil sahəsində həyata keçirilən layihələrdən söz açıb. Ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan tədbirləri, təcrübə proqramlarını, əmək fəaliyyətinə cəlb olunmalarını xüsusi vurğulayıb. O, “PAŞA Holdinq”in bundan sonra da təhsil layihələrini dəstəkləməyə davam edəcəyini deyib.
Çıxışlardan sonra Nizami Gəncəvi irsi ilə bağlı tədqiqatlar aparan ABŞ-ın Prinston Universitetinin professoru Maykl Barrinin “Nizami Gəncəvi irsi” və Corc Vaşinqton Universitetinin dekanı, professor Maykl Feyerin “Təhsil və İqtisadiyyat” mövzularında videoməruzələri dinlənilib.
Konfrans işini iyunun 7-dək müxtəlif panel iclaslarla davam etdirəcək.