A

"Azərbaycan" qəzeti PDF

"Azərbaycan" qəzeti

Ədalət MURADOV: “Prezident Qarabağda nə yaradırsa, tamamilə yeni olacaq və dünyada mövcud olan analoqlardan qat-qat yüksəkdə dayanacaq”

Səhəri dirigözlü açmışdı...

Gecə boyu kirpiyini belə qırpmadan beynində dolaşan fikir dəryasına qərq olmuş, elə hey həyəcanla düşünmüşdü. İlahi, görəsən, necə olacaq... Ürəyi tab gətirəcəkdimi o yurdları yaralı görməyə?!.

Yol boyunca da bu narahat fikirlər beynini tərk etməmişdi... Xaçın körpülərinə yaxınlaşanda isə quş kimi çırpınan ürəyinin döyüntüsü az qala qulaqlarını batırmış, acı bir qüssə qəlbinə ox kimi sancılmışdı...

“Güllücə alınanda Xaçın körpüsündən dizin-dizin sürünərək gedəcəm kəndimizə” - deyən anasının intizarlı səsi gəlmişdi qulaqlarına... Elə o doğma səsə məhrəm olub bir quş kimi qanad açmışdı illərin o üzünə...

Ailə tablosunun bütöv olduğu, atalı-analı, bacı-qardaşlı bəxtəvər Ağdamlı günlərinə... Güllücəli xoşbəxt uşaqlıq çağlarına...

Sonra isə fikirləri dönüb-dolaşıb bir andaca düz 28 il əvvələ, Ağdamda olduğu o son məşum günə qayıtmışdı...

1993-cü ildə, Ağdamın işğal təhlükəsi yaşadığı o ağır günlərin birində o da doğulduğu Güllücəyə üz tutmuşdu. Doğma küçələrlə addımlamış, əzizləri ilə qarşılaşmaq ümidi ilə elə hey ətrafa boylanmışdı, amma...

Sonra ata yurduna, qəribsədiyi isti həniri, doğmalığı görməyə tələsmişdi... Heyhat, kəndi bürüyən daş kimi lal-sükut, soyuqluq buraya da ondan əvvəl qədəm basmışdı... İndi evlərində nə onu sevinclə qarşılayacaq bacı-qardaşları, nə də onu bağrına basacaq anası var idi... Ömrünün ən xoş illərini keçirdiyi doğma evi, kəndi suyu sovulmuş dəyirmana bənzəyirdi...

Əllərini kimsəsiz qalmış yurdun doğma daşlarında-divarlarında gəzdirmiş, əyilib torpağa sığal çəkmişdi, amma bir andaca onların tükürpərdici soyuqluğu ürəyinə qədər işləmiş, sinəsini göynətmişdi...

Və elə indi, düz 28 ildən sonra da Xaçın körpüsündə birdən-birə həmin tükürpərdici soyuqluğu canında hiss etmiş, kədərli fikirlərin basqısından üşənmişdi...

Amma burnuna dəyən tanış Vətən qoxusunu ciyərlərinə çəkərək dərindən bir ah çəkmiş, ayaqları Ağdamın müqəddəs torpağına dəydikcə özündə inanılmaz güc, qüvvət hiss etmişdi...

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Ədalət Muradovdur “Qarabağ söhbətləri”ndə...

Bu dəfə Ədalət müəllim Ağdamın keçmişinə deyil, Prezident İlham Əliyevin təməlini qoyduğu ağ gələcəyinə doğru fərəhlə qanad açdı...

Özümüzə qayıdış

- Mayın 28-də, Respublika günündə Ağdamda həyata keçirilən təməlqoyma mərasimi ürəyimdə illərdir qövr edən yaralara məlhəm çəkdi...

Qarabağımızı bizə, bizi özümüzə qaytardığı üçün Ali Baş Komandan İlham Əliyevə sonsuz təşəkkür edirəm. Bu təkcə Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi məsələsi deyil. Bu qalibiyyətin arxasında çox ciddi məqamlar, hərbi, iqtisadi, ən önəmlisi mənəvi yük var.

Qarabağın təməl daşının qoyulması Respublika günündə baş verdi və cənab Prezidentin özünün də bildirdiyi kimi, bu bir rəmzi məna daşıyırdı.

Builki Respublika günü, həm də Ağdamın Baş Planının təqdimatı və möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən yeni Ağdamın təməl daşının qoyulması ilə tarixə düşdü. Xoşbəxtəm ki, mən də bu mərasimdə iştirak etdim. Cənab Prezident vurğuladı ki, “Yeni Ağdam dünya üçün örnək olacaq”. Ağdam təsəvvür edilə bilməyəcək dərəcədə gözəl, müasir, funksional şəhər olacaq. Ağdam növbəti möcüzə olacaq...

Ağdama getməzdən bir gün əvvəl Ağcabədidə gecələdik. İnandırım ki, bizimlə yola çıxmış Ağdamın təməl daşının qoyulma mərasimində iştirak edəcək şəxslərin heç biri sabahadək yata bilmədi. Hamı səbirsizliklə ora getməyə tələsirdi.

Xaçın körpülərinə yaxınlaşanda ürəyimdə bir sıxıntı yarandı, çünki buradan doğulduğum Güllücə kəndinə cəmi 7 kilometr məsafə var idi...

Amma tam səmimi deyim ki, ondan sonra həmin ağrıları hiss etmədim. Çünki bir az irəli gedəndə Bərdə-Ağdam avtomobil yolunun çəkilişini gördük. Yəni orada görülmüş və görülməsi nəzərdə tutulan işlərin bizdə yaratdığı o müsbət emosiya, o ağrı-acılı hissləri xeyli üstələdi. Xüsusilə də Ağdamın təməl daşının qoyulmasında cənab Prezidentlə bir yerdə olmaq, sözün mütləq mənasında böyük xoşbəxtlik idi. Özümü olduqca xoşbəxt hiss edirdim...

Baxmayaraq ki, ətrafı seyr etdikcə orada salamat bir bina da görmürdüm, erməni vandalları onları tamamilə viranə qoyublar. Amma torpaq bizimdir. Düşünürəm ki, dəyərlisi də elə o torpağa sahibliyi bərpa etməkdir. Torpağa sahiblik etdikdən sonra onun üzərində dağılanların bərpa edilməsi mümkündür və düşünürəm ki, bu ən qısa zamanda baş verəcək.

İdeal baş plan

- Mayın 28-də təkcə təməlqoyma mərasimi deyil, həm də Ağdamın Baş Planının təqdimatı oldu. Buna görə də cənab Prezidentə təşəkkür edirəm ki, Ağdamın Baş Planını ilkin olaraq Ağdamın ziyalıları ilə müzakirə etdi.

Bu baş planda sanki hər bir ağdamlının fikri öyrənilib. Yəni o qədər dəqiq və incəliklə hazırlanıb ki, ora nə isə əlavə etməyə ehtiyac yoxdur, ideal baş plandır. Burada bütün incəliklər təhlil olunub. Hətta Ağdamın müxtəlif yerlərində, havanın, suyun, torpağın keyfiyyəti belə təhlil olunub ki, bu ərazidə hansı ağaclar daha yaxşı bitə bilər...

Bütövlükdə Ağdam şəhəri 100 min nəfər üçün nəzərdə tutulub. Onun ərazisi işğaldan əvvəlki ərazi ilə müqayisədə iki dəfədən çox artırılır. Yəni ilk olaraq Ağdamda bərpa işlərinə start verilməsi, Ağdamın Baş Planının təsdiq edilməsi özü də mühüm məqamdır. Bu, həm də, ilk növbədə, Cənab Prezidentin bütövlükdə Qarabağa çox böyük dəyər verdiyinin əyani nümayişidir.

Prezident Ağdamda yaşayış binasının, 1 nömrəli məktəbin, Qələbə və İşğal muzeylərinin əsasını da qoydu. Düşünürəm ki, çox qısa müddət ərzində bütün Qarabağ, o cümlədən də Ağdam bərpa olunacaq, tamamilə yeni simasını alacaq və biz də fəxarətlə deyəcəyik ki, Azərbaycan xalqı həqiqətən də qürurludur, mərddir və onun qarşısına qoyduğu vəzifə və məqsədlərə maneçilik törədə biləcək bir qüvvə yoxdur. Və elə cəmi 44 gün ərzində Qarabağın işğaldan azad olunması da bunu təsdiq edir ki, biz güclü xalq və eyni zamanda güclü rəhbəri olan xalqıq.

Ağdam elm-təhsil, innovasiya mərkəzi olacaq

- Ağdam həm də bir elm-təhsil, innovasiya mərkəzi olacaq. Bu mənim ən böyük arzularımdan biri idi və qürurla qeyd edirəm ki, Ağdamın Baş Planında “Qarabağ” Universitetinin yaradılması da nəzərdə tutulub. Bu, şübhəsiz ki, təkcə Qarabağ, Azərbaycan üçün bir universitet olmayacaq, həm də dünyanın ən tanınmış universitetləri ilə rəqabət apara biləcək bir ali təhsil müəssisəsi olacaq. Əminəm ki, bu universitet təhsil, elm və innovasiya sahəsində öz sözünü deyəcək. Bunun üçün bizim potensialımız da, istəyimiz də var. Eyni zamanda ölkəmizdə və Azərbaycandan kənarda yaşayan alim və ziyalılarımız, ən vacibi isə ölkə rəhbərliyimizin siyasi iradəsi var. Düşünürəm ki, bütün bunların hamısı “Qarabağ” Universitetinin dünyanın ən öndə gedən universitetləri ilə rəqabət apara biləcək səviyyədə qurulması və inkişaf etməsi üçün zəmin yaradacaq.

Professor Ədalət Muradov Ağdamda yaradılacaq universitetlə bağlı mütəxəssis yanaşması da ortaya qoyaraq söyləyir ki, “Qarabağ” Ağdamda qurulacaq yeni universitetin adı olmaqla yanaşı, həm də güclü bir universitet brendi olacaqdır.

Bu brendin özəllikləri isə belə ola bilər: - “tələbə mərkəzli” universitet; öyrətməyə vida edən və öyrənməyi əsas tutan təhsil modeli; fərdi təhsil trayektoriyası əsasında təhsil verən universitet; təhsilin əsas keyfiyyət amili kimi hər bir təhsilalanın “təhsil izi”; XXI əsr vərdiş, bacarıq və kompetensiyaların formalaşmasına zəmanət verən adaptiv təhsil modeli; distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet; dünyada öndə olan universitetlərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti; rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi; xətti-funksional idarəetməni proseslərin idarəedilməsilə əvəzləyən universitet; “Smart universitet”; Şəhid övladlarının təhsil aldığı universitet.

Dünya miqyaslı şəhər

Müsahibimiz deyir ki, Ağdam dünya miqyaslı bir şəhər olacaq və dövlət başçımızın da dediyi kimi, bənzəri olmayan smart şəhərə çevriləcək.

- Cənab Prezidentin Qarabağın bərpası ilə bağlı verdiyi sərəncamlardan biri də məhz Qarabağ Dirçəliş Fondunun yaradılmasıdır. Qısa müddət ərzində fondun müşahidə şurası da formalaşdı ki, mən də həmin müşahidə şurasının üzvüyəm. Artıq bu fondun fəaliyyət planı hazırlanıb, icraçı direktoru təyin olunub. Qarabağ Dirçəliş Fondu Qarabağın bərpasında çox yaxından iştirak etmək iddiasındadır. Düşünürəm ki, bu fondun potensialı yetər ki, Qarabağda yeniliklərə imza atsın. Təbii ki, burada söhbət Qarabağda dağılmış evlərin yerində yenilərini tikməkdən, infrastrukturun bərpasından, sənaye müəssisələrinin yaradılmasından getmir. Söhbət burada həmin işlərin artıq keyfiyyətcə tamamilə yeni bir səviyyədə görülməsindən gedir.

Bu baxımdan düşünürəm ki, əsası qoyulan Sənaye Məhəlləsi Ağdamda, Qarabağda innovativ inkişafın əsası olacaq. Çünki cənab Prezident bütövlükdə ölkəmizdə, xüsusilə Qarabağda rəqəmsallaşmanı önə çəkir. Bu baxımdan Qarabağ, həm də Azərbaycanın gələcək iqtisadi inkişafı baxımından önəm kəsb edən rəqəmsal iqtisadiyyat modelinin sınaq meydanı olacaq. Düşünürəm ki, orada qurulacaq rəqəmsal iqtisadiyyat bütün ölkənin lokomotivi olacaq. Prezident İlham Əliyev Qarabağda nə yaradırsa, tamamilə yeni olacaq və bu yeniliklər dünyada mövcud olan analoqlardan qat-qat yüksəkdə dayanacaq.

Yeni idarəetmə fəlsəfəsi

- Qarabağda tətbiq olunacaq “ağıllı” kənd, “ağıllı” şəhər (“smart” kənd, “smart” şəhər) haqqında çox danışırıq. Amma deməliyik ki, bunlar tutaq ki, təkcə işıqların tənzimlənməsi, zibil qutularının dolması ilə bağlı xəbərin ötürülməsi, havanın çirkliliyinin göstərilməsi ilə əlaqədar deyil.

Bu, yeni idarəetmə fəlsəfəsidir və cənab Prezidentin idarəetməsinin özəyində duran məsələdir. “Smart” kənd, “smart” şəhər ilk öncə demokratik idarəetməni təmin edir. Artıq burada yuxarıdan diktat prinsipi özünü doğrultmur. Yəni, müxtəlif icra, dövlət orqanlarının koordinasiyası olmadan, “smart” kənd, “smart” şəhərin idarə edilməsi mükün deyil. Burada koordinasiya, əlaqə olmalıdır. Şübhəsiz, “smart” şəhər, “smart” kənd həm də biznesin inkişafını tələb edir. Çünki onların idarə edilməsi biznesin əsasında qurulmalıdır. Əvvəlcə onların dövlət vəsaiti hesabına qurulması həyata keçirilə bilər, amma “smart” kənd, “smart” şəhərin idarə edilməsi şübhəsiz, vəsait tələb edir ki, bu da həmin vəsaitin qazanılması üçün əlverişli biznes mühitini yaradır.

Bütövlükdə, “ağıllı” kənd, “ağıllı” şəhər özlüyündə cənab Prezidentin siyasətini əks etdirən, bütün o dəyərləri özündə ehtiva edən, dünya miqyasında yeni-yeni tətbiq edilməyə başlayan modeldir. Bu model 100 faiz şəffaflığı təmin edir və burada qərarlar süni intellektin topladığı məlumatlara əsasən verilir... Verilən qərarlar da düzgün məlumatlara əsaslandığı üçün nəticə də yüksək olur...

Evlər sökülüb, ağaclar məhv edilib, torpaq yandırılıb...

- Onu deməyə bilmərəm ki, Ağdamda gördüklərim, işğal dövründə burada törədilən vəhşiliklər erməni faşizminə nifrətimi sonsuz artırdı. Yəni bu, sözlə ifadə edilə bilinməyəcək bir mənzərədir. Binalar sökülüb aparılıb, ağaclar məhv edilib, torpaq yandırılıb...

Amma bununla yanaşı, öz xalqıma məhəbbətim də sonsuz oldu ki, Azərbaycan xalqı heç zaman erməni vandallarının törətdiklərini edə biləcək xalq deyil. Azərbaycan xalqının daxilində oturmuş, mənəvi prinsiplər, dəyərlər heç zaman ermənilərin törətdikləri əməllərə yol verməzdi...

Cənab Prezident də Ağdamdakı çıxışında bu məqamı vurğuladı ki, biz hətta müharibə aparanda belə mülki əhaliyə zərər verməmək üçün əlimizdən gələni etdik və onun nəticəsində də mülki erməni əhalisi olduqca az sayda zərər görmüş oldu. Bu baxımdan da şübhəsiz ki, Azərbaycan xalqı fərqli və çox dəyərli xalqdır...

Torpaqdan pay ola bilməz

- Ali Baş Komandanın 44 günlük müharibə ərzində əsas şüarı o idi ki, “Qarabağ Azərbaycandır!” Həqiqətən də o zaman bütün Azərbaycanın gözü Qarabağda idi və bu, indi də belədir...

Buna görə də Qarabağı orada yaşayanlar daha çox sevir deməzdim. Sadəcə onların ruhu, xoşbəxt illəri, valideynli günləri, qayğısız uşaqlıqları oradadır. Onlar hansısa başqa bir rayonda torpaq alıb ev tikə, hər cür şərait yarada bilərlər, amma ora onlar üçün Qarabağ deyil! Qarabağı fərqli edən, onun mühiti, havası, suyudur...

Əvvəl elə sizin qəzetə verdiyim müsahibəmdə də demişdim ki, Ağdam, döğulduğum kənd mənim üçün bütöv ailə tablosudur. Mən orada ata-anam, bacı-qardaşımla birgə olmuşam. Buna görə də özüm üçün Ağdamdan başqa xoşbəxt dünya təsəvvür edə bilmirəm...

Bütün ağdamlılar üçün bu belədir və onlar tezliklə doğma yurda qayıtmaq həsrəti ilə yaşayırlar. Və artıq qayıdış üçün təməl də atılıb...

Bu xoşbəxtliyə görə bütün azərbaycanlılar kimi, ağdamlılar da Ulu Öndərə borcludurlar. Çünki Ulu Öndər siyasətinin uğurla davam etdirilməsi, cənab Prezidentin Qarabağın işğaldan azad edilməsi missiyasını reallaşdırması itmiş ümidlərimizi geri qaytardı.

Bizi daha da qürurlandırdı. Göstərdi ki, torpaqdan pay ola bilməz. Bizim dəyər verdiyimiz o torpaq Vətəndir. Vətən isə içimizdə olan mənəvi ruh toplumudur. Bunu heç yerdən almaq olmaz. Mən azərbaycanlıyam, burada yaşayıram, bura mənim vətənimdir, amma Ağdamda o torpağın üstündə duranda aldığım hiss tamam fərqlidir. Sanki o torpaqda daha çox enerji əldə edirəm.

Ağdamda olanda oradakı havanın iyi uşaqlıq illərimin qoxusunu gətirdi burnuma...

O torpağa ayaq basanda özümü çox güclü hiss etdim...

- Mən Ağdamın torpağına ayaq basanda özümü çox güclü hiss etdim. Şübhəsiz, burada Prezident faktoru həlledicidir. Birincisi onun iştirakı ilə Ağdamın təməl daşının qoyulmasında iştirak edirsən... Bu da hər birimizdə o əminliyi yaradırdı ki, Ağdam bərpa olunacaq və əvvəlkindən də qat-qat gözəl Ağdam olacaq...

Mayın 28-də cənab Prezident Ağdama təməlqoyma mərasiminə çox yüksək əhvali-ruhiyyə ilə gəldi, orada iştirak etdi, bütün ağdamlılarla, oradakı ziyalılarla səmimi söhbət etdi. Dövlət başçısını yola salanda da hər kəsdə böyük ruh yüksəkliyi var idi. Deyərdim ki, gələcəkdə bizi gözləyən uğurun əsası da elə bu ruhdur. Buna görə də çox xoşbəxtik ki, İlham Əliyev Ağdamın ruhunu özünə qaytarır...

Cənab Prezident Qarabağın bərpa olunmasını hər kəsdən çox istəyir və əminəm ki, bunu da tezliklə həyata keçirərək növbəti möcüzəyə imza atacaq...

İllər, onilliklər, yüzilliklər keçəcək, nəsillər dəyişəcək, Ağdam bərpa olunacaq, inkişaf edəcək, dəyişəcək...

Dəyişməyən isə yeganə bir şey olacaq: Azərbaycanın Müzəffər Ali Baş Komandanının yazdığı tarix! İllər keçdikcə, tarixdə bu zəfəri yazmış şəxsiyyətin adı böyüyəcək, parıltısı artacaq və heç zaman dəyişməyəcək...

Şübhəsiz ki, Qarabağdan danışarkən şəhidlərimizi anmaya bilmərik. Onların hər birinə Ulu Tanrıdan rəhmət diləyirəm. Ruhları qarşısında baş əyir, qazilərimizə də möhkəm cansağlığı arzulayıram...

Ana Vətənin cənnət qoxusu

Bəli, bu da taleyin bir bəxtəvər qismətidir ki, daha Qarabağla bağlı yazılarımızdan özləm, qəhər, qüssə boylanmır... Sadəcə bu xoşbəxt günləri Vətən həsrəti ilə dünyadan köçən əzizlərimizin görməməsidir bizləri üzən...

Elə Ədalət müəllimin də qəhəri anasının ən böyük arzusunun yerinə yetdiyini görmədən həyatla vidalaşması idi... Axı o, əllərini açıb Güllücənin azad olunması üçün Tanrıya dualar etmiş, əhd etmişdi ki, o zaman doğma torpağına dizin-dizin sürünərək gedəcək... Amma təəssüf ki, bu günləri görmək nəsibinə yazılmayıbmış...

Amma budur, yaddaşında həmin ağrı-acıların, qüssəli hadisələrin özü xatirəyə çevrilməyə başlayır. Yenə Ağdama, kəndləri Güllücəyə gedir. İnsanlarla qaynayıb daşan tanış küçələrdən keçir, evlərin pəncərələrindən ucalan şən-şaqraq gülüşlər gəlir qulağına, doqqazlarına yaxınlaşır, intizarla onun yolunu gözləyən anasının qollarına atılır...

Əsən ilıq yaz küləyi burnuna yenicə çiçəkləmiş albalı ağaclarının ətrini gətirir...

Ana Vətənin cənnət qoxusunu ciyərlərinə çəkib dərindən bir ah çəkir...

Yasəmən MUSAYEVA,
“Azərbaycan”

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay