A

azedu.az

AzEdu.az təhsil portalı universitetlərlə birgə tələbələr arasında sağlam rəqabətlilik mühiti yaratmaq, aktiv gəncləri daha geniş müstəvidə tanıtmaq və onların bacarıqlarını gələcək tələbələrə çatdırmaq məqsədilə “Brend tələbə”lərin siyahısını tərtib edib. 

Bu siyahıda yer alan “Brend tələbə”lərlə silsilə müsahibələrə davam edirik.

Budəfəki müsahibimiz Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) lV kurs tələbəsi İdrak Atakişilidir.

 - Uğur qazanmaq üçün özünüzü necə motivasiya edirsiz?

- Uğur qazanmaq hər kəs üçün fərqli mənalara gəlir. Mənim üçün uğur uşaqlıqdan bəri xəyalını qurduğum məqsədlərə nail olmaqdır. Hələ ibtidai sinif illərində Enşteyn, Edison, Tesla kimi alimlərin etdiyi şəkildə ortaya yeni kəşflər çıxarmaq istəyirdim. Uşaqlıqdan bəri özümü oxuduğum romanlarda, nağıllarda olan baş qəhrəmanların yerinə qoyar, imperatorlar, şahlar, alimlər, detektivlər və macəraçıların kimi dünyanın gedişatına, insanların yaşamına təsir etmək istəyərdim. İngilis dilində olan “impact”, yəni təsir kəlməsi, mənim uzunmüddətli arzularımın təməli ola bilər. Bunun üçün xüsusi bir motivasiyaya ehtiyac duymuram, çünki bu mənə həyatda zövq verən yeganə şeylərdən biridir.

- Yəqin ki, könüllü fəaliyyətlərdə aktiv iştirak edirsiz. Bu sizin dərslərinizə mane olmur ki?

- Könüllü fəaliyyətlərim əsasən dərslərimə və oxuduğum ixtisas sahəsinə yaxın olub. Məsələn, Hult Prize Foundation-da Kampus direktoru olub start-up yarışları təşkil etmişəm. Bu mənim ixtisasım olan iqtisadiyyat-biznes sektoruna olduqca yaxın bir fəaliyyətdir. Eyni zamanda, Salesforce şirkətinin Azərbaycanda Tableau data analitikası proqramı üzrə tələbə-səfiri kimi fəaliyyət göstərmişəm, hansı ki, bir nöqtədə iqtisadi analiz ilə üst-üstə düşür. Olduğum sektordan tək fərqli könüllülük fəaliyyətim UEFA Euro-2020 yarışlarında Mobility Maker olmaq idi, bu da yay tətili müddətində baş verən və mənim üçün unudulmaz xatirələrlə dolu maraqlı bir perioddur.

- Müxtəlif sahələrdə aktivlik göstərməyə nə vaxtdan başlamısız? Orta məktəbdə necə şagird idiniz?

- Mənim əsas aktivliyim universitetin birinci kursunda başlayıb. Orta məktəbi qırmızı diplomla bitirmişəm, və həmin illərdə də aktiv olmuşam. Lakin rayonda, Lənkəran şəhərində böyüdüyüm üçün alternativ əlavə fəaliyyətlər, texnologiya, biznes kimi mövzularda kurslar, seminarlar və bunun kimi başqa əlavə imkanlara çıxışım olmayıb.
6-cı sinifdə oxuduğum məktəbdə ilin şagirdi seçilmişəm. Yadımdadır, elə 6-cı sinifdə coğrafiya üzrə suxurlar kolleksiyası yığmışdım. 7-ci sinifdə tullantılar sərgisində tullantılardan yeni məhsullar düzəldib iştirak etmişdim. Yenə 7-ci sinifdə biologiyadan dərman bitkiləri dərsi üçün müxtəlif dərman bitkiləri kolleksiyası hazırlayıb layihə təqdim etmişdim. Dərslərdən əlavə, bir çox bayram tədbirlərində teatr səhnələrində baş rollarda oynamaqdan çəkinmirdim.
10-cu sinifdə British Council-da “Novruz in Azerbaijan” mövzusunda esse müsabiqəsində ölkə üzrə birinci yerə çıxmışdım və elə həmin ildə məktəb daxilində keçirilən şeir demə müsabiqəsində də birinci yerə layiq görülmüşdüm. Kitabxanada oxumadığım kitab qalmamışdı desəm, bəlkə də çox şişirtmiş olmaram. Hər tənəffüsdə o biri siniflərdən uşaqlar gəlirdi və onları kitabxanaya aparıb maraqlı kitab seçməyimi xahiş edirdilər. Düşünürəm ki, bu yolla məktəbdə onlarla şagirdi "kitab qurdu" etməyi bacarmışam.

 - Özünüzü inkişaf etdirmək üçün dərslərdən əlavə nə ilə məşğul olursunuz?

- Online kurslar bu mövzuda çox yararlı olur. Ümumən, dərslərdən əlavə, internet dəryasında üzməyi xoşlayıram. Udemy, Coursera, edX kimi platformalar mənim ikinci evimdir. Bundan əlavə, istədiyim mövzularda araşdırma edərkən çoxlu maraqlı bloqlar, saytlar, araşdırma işləri tapa bilirəm. Youtube özü Harvard, Stanford kimi universitetlərin pulsuz dərsləri ilə doludur. Sadəcə, vaxt ayırıb bir az izləmək lazımdır. Kitab oxumağı da xoşlayıram, bəzi şeyləri videolardan, bloqlardan yox, elə həmin sahəsinin spesifik kitablarından öyrənirəm. Bu kitablar da onlayn və pdf formatında internetdə pulsuz mövcuddur.

- Hansısa uşaqlıq xəyalınız var?

 - Var. Uşaqlıqdan bəri ortaya yeni, elmi bir kəşf, yaxud məhsul çıxarmağı istəmişəm. Əvvəllər Enstein və Tesla kimi olmaq istəyirdim, amma indi Thomas Edison və İlon Musk mənim üçün hədəf profillərdir. Çünki elmi kəşfləri sadəcə kəşf edən tərəfdə yox, həm də onları istifadə edən, maliyyələşdirən və biznesə çevirən tərəfdə olmaq istəyirəm. Düşünürəm ki, elm kəşf olunmaqdan əlavə, istifadə edildikdə gözəl olur. Ona görə “technology entrepreneurship”, yəni texnologiya sahibkarlığı mənim ömürlük hədəf fəaliyyətim olaraq qalır.

- Universiteti bitirdikdən sonra nə edəcəksiniz? Xaricdə oxumaq planınız var?

- Hələlik yoxdur, indilik öz üzərimdə işləmək, bəzi bacarıqlarımı artırıb iş təcrübəsi qazanmaq istəyirəm. Uzunmüddətli planımda xaricdə təhsil almaq var. Xüsusən, Amerikanın top universitetlərini istəyirəm.

 - İş təcrübələriniz olub? İlk maaşınızı nə zaman almısız?

- Bəli, ilk maaşımı PASHA Bank-da təcrübəçi olduğum vaxt almışam. Orada korporativ kreditlərin verilməsi departamentində idim, korporativ müştərilərin analizi işi ilə məşğul olurdum. Sonra Dubai mərkəzli, azərbaycanlıların startup-ı Keepface şirkətinin bir alt şirkəti olan Metalfuence şirkətində bir müddət kordinator olaraq çalışdım. Daha sonra BP şirkətində, maliyyə departamentində təcrübəçi oldum. Orada Şahdəniz qaz yataqlarının kommersiya proseslərini Power BI proqramında avtomatlaşdırdım. Bu təcrübə mənim üçün ən unudulmaz təcrübələrdən biri oldu. Bundan əlavə, bir illik sahibkarlıq fəaliyyətim də olub, hansı ki, öz startup-ımı qurmağa çalışmışam, sonra bazar şərtlərini analiz edib prosesi dayandırmışam.

 - Həmyaşıdlarınızı ruhlandırmaq üçün nələr deyə bilərsiniz?

- Heç nəyi mükəmməl bilməli deyilsiniz. Rahat olun deyərdim, mən Hult Prize-da Kampus direktoru seçildiyim il ingilis dilini başlanğıc səviyyədə bilirdim və Meksika mərkəzli ingilis dilli insanlarla işləməli idim. Doğrudur, çətin oldu, amma heç nəyi özümə kompleks etməmək və daim girişkən davranışda olmaq məni inkişaf etdirdi deyə bilərəm. İnsan bəzən bir şeyləri öyrənmək, ya da etmək aylarla vaxt alır deyə düşünür, amma hər zaman elə olmur. Kosinusun düsturu olduqca mürəkkəb görünə bilər, ancaq onu başa düşmək üçün sizə sadəcə 9 dəqiqə 27 saniyə lazımdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay