A

Bakı Kristall Zalda keçirilən təntənəli mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məzun Gününün açılışında çıxış edən rektor professor Ədalət Muradov bu il UNEC-dən 3493-ü bakalavr, 2032-si magistr olmaqla, 5525 tələbənin məzun olduğunu deyib. Rektor məzunları təbrik edərək, onları qarşıda yeni sınaqların gözlədiyini bildirib, bu parlaq gənclərin bütün sınaqların öhdəsindən layiqincə gələrək, uğur qazanacaqlarından əminliyini ifadə edib.

Məzun Günündə iştirak edən Milli Məclis sədrinin müavini Fəzail İbrahimli Məzun Gününün ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsini əlamətdar hadisə kimi dəyərləndirib. Millət vəkili ümummilli liderin təhsil və gənclərə olan qayğısından danışaraq, məzunlara vətəninə, millətinə layiqli vətəndaş olmağı tövsiyə edib.

Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti Rövşən Nəcəf bir zamanlar təhsil aldığı universitetdə Fəxri məzun kimi iştirak etməkdən qürur duyduğunu bildirib. O, tələbəlik illəri ilə bağlı xoş xatirələrini bölüşərək, məzun olan gəncləri təşəbbüskar olmağa çağırıb.

Çıxışdan sonra Rövşən Nəcəfə bakalavr diplomunun əlavəsi təqdim olunub. Bütün qiymətlərinin “Əla” olduğu diplom əlavəsini alan Rövşən Nəcəf duyğulu anlar yaşayıb.

Sonra UNEC-in Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramının məzunu olan12 tələbəyə həmin universitetin diplomları təqdim olunub. Fransa Respublikasının Azərbaycandakı Səfirliyinin əməkdaşlıq və mədəniyyət işləri üzrə müşaviri Çarlz Denier məzunları təbrik edərək, UNEC ilə Fransa universitetləri arasındakı əməkdaşlığı yüksək qiymətləndirib.

Məzun Günündə UNEC-i bakalavr səviyyəsi üzrə ən yüksək ortalama (99,43) ilə bitirən Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbəsi Ayan Nəbiyeva çıxış edərək, valideynlərinə və müəllimlərinə təşəkkürünü bildirib.

Məzunların andiçmə mərasimindən sonra UNEC bayrağı III kursu ən yüksək ortalama ilə bitirən (99.26) Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Sübhan Əlizadəyə təhvil verilib.

Ənənəvi “papaqatma” mərasimindən sonra Məzun Günü əyləncəli proqram ilə davam edərək, məzunlara unudulmaz anlar yaşadıb.

TOP XƏBƏRLƏR