UNEC-in Mühəndislik fakültəsində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı dosent Elçin Səmədov qan yaddaşımıza yazılan Xocalı faciəsi barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O, bildirib ki, ermənilərin 33 il əvvəl günahsız, əliyalın insanlara qarşı törətdiyi bu cinayət əməlinin qurbanlarının xatirəsini xalqımız uzun illərdir dərin hüznlə anır, ancaq artıq həmin insanların ruhunu biz qalib xalq kimi anıb özümüzdə təsəlli tapırıq ki, ruhları şaddır və Vətən müharibəsindəki qələbəmiz onların ruhlarına rahatlıq gətirib.
Daha sonra “Humanitar fənlər” kafedrasının baş müəllim Həsənova Cəmilə Xocalı faciəsinin baş vermə səbəbləri haqqında çıxış edib. Xocalı faciəsi zamanı qətlə yetirilmiş, ermənilər tərəfindən girov götürülmüş, məhv edilmiş ailələr haqqında ətraflı məlumat verib.
Sonda “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti Mövlud Hüseynov və fakültənin dekan müavini Sevinc Abdullayeva həmin vaxt baş verən hadisələr, erməni əsgərlərinin törətdikləri vəhşiliklər, Xocalı sakinlərinin aqibəti haqqında məlumatları tədbir iştirakçıları ilə paylaşıb, mövzu ətrafında öz fikirlərini bildiriblər.