Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ailə Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün maarifləndirici təlim keçirilib.
Təlimdə inzibati və təşkilati məsələlər üzrə prorektor dosent Şaiq Əsgərov çıxış edərək, Azərbaycan Respublikasının Məşğulluq strategiyasından danışıb. Ş.Əsgərov bu strategiyanın işsizliyin aradan qaldırılması və gənclərin məşğulluğunun təmin olunması istiqamətindəki əhəmiyyətini vurğulayıb.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov tələbələr üçün “İşə düzəlməkdə çətinlik çəkən şəxslər üçün faydalı məsləhətlər” adlı təqdimatla çıxış edib. O, təqdimatında iş axtarışında olan gənclərin daha çox diqqət yetirməli olduğu məqamları açıqlayıb. Təlimçi işə düzəlmək üçün ən önəmli faktorlardan birinin doğru və təsirli CV hazırlamaq olduğunu vurğulayıb. O, həmçinin, iş bazarının tələblərinə uyğun bacarıqların inkişaf etdirilməsi və peşəkar təhsil proqramlarına qatılmanın vacibliyini də tələbələrin diqqətinə çatdırıb.
Komitənin könüllüsü Gülgün Şəfiyeva isə tələbələrə “Linkedin hesabının səmərəli idarə olunması və Linkedində vakansiyaları necə tapmaq olar?” mövzusunda çıxış edib.
Sonda tələbələrin sualları cavablandırılıb.