A

UNEC-in Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə universitetin 95 illik yubileyinə həsr olunmuş “ XXI əsr mühəndisliyi: texnoloji yeniliklər və ağıllı həllər” mövzusunda tələbə elmi konfransı keçirilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Mühəndislik fakültəsinin dekanı, dosent Elçin Səmədov UNEC-in elmi-tədqiqat universitetinə çevrilmə hədəflərindən danışaraq, mühəndislik sahəsində texnoloji yeniliklərin vacibliyini və bu sahədəki çağırışları vurğulayıb. O, konfransın müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanmasına töhfə verəcəyinə inandığını bildirib.

Tələbə Elmi Cəmiyyətinin rəhbəri Afət Cəfərova fakültədə “Gənc mühəndis” elmi dərnəyi çərçivəsində keçirilən tədbirlər barədə məlumat verərək, bu konfransda tələbələrin il ərzində apardıqları elmi araşdırmaların təqdim olunmasının nəzərdə tutulduğunu qeyd edib.

Konfrans tələbələrin elmi çıxışları ilə davam edib. UNEC-in Mühəndislik fakültəsində təhsil alan tələbələrlə yanaşı, Azərbaycan Dövlət Dəniz Akademiyası və Qərbi Kaspi Universitetindən olan tələbələr də öz tədqiqat nəticələrini təqdim ediblər.

Təqdim olunan mövzular sırasında biomaterialların sənayedə rolu, zəfəran və kəklikotu ilə zənginləşdirilmiş çörəyin funksional əhəmiyyəti, tullantıların təkrar emalı, rəqəmsal əkizlər və süni intellektin tətbiqi, ağıllı ev texnologiyaları, şəhər nəqliyyatının optimallaşdırılması, kənd təsərrüfatı texnikasının korroziyadan mühafizəsi, gəmi hissələrinin texnologiyası, GPS və peyklərin gəmiçilikdə rolu və digər aktual mühəndislik problemləri yer alıb.

Konfransın sonunda çıxış edən tələbələrə sertifikatlar, təşkilatçılara isə təşəkkürnamələr təqdim olunub.

TOP XƏBƏRLƏR