A

UNEC-in 95 illik yubileyi və UNEC Tələbə Gənclər Təşkilatının (TGT) 20 illiyinə həsr olunmuş Tələbə Gənclər Həftəsinin rəsmi açılış mərasimi keçirilib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tələbə Gənclər Həftəsinin açılışında universitetin tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova çıxış edərək UNEC-də fəaliyyət göstərən tələbə təşkilatlarının rolu, tələbələrin sosial və intellektual inkişafı, onların maraqları və ictimai fəallığı barədə danışıb.

Sonra Azərbaycan Respublikası Gənclər Fondunun Gənclər Təşkilatları ilə iş üzrə şöbə müdiri Orduxan Qəhrəmanzadə çıxış edərək, UNEC Tələbə Gənclər Təşkilatını yubileylə əlaqədar təbrik edib. O, universitet rəhbərliyinə tələbələrin sosial-ictimai aktivliklərinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Çıxışında gəncliyin gücü, enerjisi və yaradıcılığının cəmiyyətin inkişafında əsas aparıcı qüvvə olduğunu vurğulayıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Fidan Həsənova çıxış edərək UNEC TGT-nin uzun illər ərzində göstərdiyi əzmkar fəaliyyəti, gənclərə verdiyi dəyərli töhfələri və təşkilatın daim yüksək zirvələrdə yer almasını xüsusi qeyd edib.

Tədbirdə UNEC-in TGT-nin hazırki sədri Amin Talıbzadə təşkilatın hazırkı fəaliyyəti, həyata keçiriln layihələr və gələcək hədəflər barədə məlumat verib. A.Talıbzadə  UNEC TGT-ni bir miras olaraq dəyərləndirdiyini və bu mirası gələcək nəsillərə daha da gücləndirilmiş şəkildə ötürmək niyyətində olduğunu vurğulayıb.

Tədbirdə UNEC TGT-nin sabiq sədrləri – Yusif Məmmədzadə və Rəsul Həşimov da çıxış ediblər. Onlar təşkilatın 20 illiyində çıxış etməkdən duyduqları məmnuniyyəti ifadə edərək, təşkilatın keçdiyi inkişaf yolundan və qazandığı uğurlardan danışıb, yeni rəhbərliyi və üzvləri təbrik ediblər.

Açılış mərasimi Azərbaycan Milli Konservatoriyasının və Musiqi Akademiyasının tələbələrinin ifasında təqdim olunan musiqili və bədii proqramla davam edib.

Tələbə Gənclər Həftəsi 19–25 may tarixlərini əhatə edəcək və bir sıra genişmiqyaslı layihələri özündə birləşdirəcək. Gənclər həftəsində  tələbələr üçün film nümayişi və müzakirəsi baş tutacaq, məntiqi təfəkkürü gücləndirmək üçün detektiv oyunu və GəncFest – tələbələrin yaradıcılıq və əyləncə festivalı keçiriləcək. Həftəsonu – şənbə və bazar günləri isə UNEC MUN konfransı təşkil olunacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay