Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) UNEC Tələbə Gənclər Təşkilatının və AZMUN proqramının dəstəyi, UNEC MUN Klubunun təşkilatçılığı ilə III UNEC Model Birləşmiş Millətlər Təşkilatı (MUN) Konfransı uğurla keçirilib.
UNEC Tələbə Gənclər Təşkilatının sədri Amin Talıbzadə çıxış edərək iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb və tədbiri rəsmi olaraq açıq elan edib. Daha sonra AZMUN proqramının rəhbəri Sabir Sultanov çıxış edərək UNEC MUN komandasına uğurlar diləyib, tədbirin təşkilinə göstərilən dəstəyə görə UNEC rəhbərliyinə təşəkkürünü bildirib.
Konfrans çərçivəsində müxtəlif komitələrdə gənclərin beynəlxalq arenada rolu və münaqişədən sonrakı bərpa proseslərinə töhfəsi kimi aktual mövzular müzakirə olunub.
Azərbaycan Komitəsində “Dayanıqlı inkişaf və sülh naminə gənclərin qərarvermə proseslərində rolunun artırılması” mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Gənclərin sülh təşəbbüslərində iştirakı və davamlı inkişafa verdikləri töhfə geniş şəkildə dəyərləndirilib.
İngilis Komitəsində isə “Promoting Inclusive Development and Recovery in Post-Conflict Societies” mövzusu müzakirə olunaraq, münaqişədən sonrakı cəmiyyətlərdə inklüziv inkişafın təşviqi və beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Konfransın bağlanış mərasimində fəallığı ilə seçilən könüllülər təltif olunub və tədbir uğurla yekunlaşdırılıb.