A

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr strukturlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Görüşün əsas məqsədi ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr strukturlarının dəstəyi ilə tələbə gənclərin beynəlxalq yarışlar, forumlar, olimpiadalar və çempionatlarda iştirak imkanlarının genişləndirilməsi istiqamətində institusional koordinasiyanın qurulması olub.

Tədbir çərçivəsində ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr strukturlarının mövcud imkanları, tələbələrin beynəlxalq tədbirlərdə iştirakına dair tətbiq olunan prosedur və mexanizmlər, eləcə də bu sahədə mövcud çətinliklər müzakirə edilib. Universitetlərin üstünlük verdiyi beynəlxalq platformalar, tələbələrin seçimi və yönləndirilməsi mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, tələbələrin birgə iştirakı nəzərdə tutulan beynəlxalq layihə və təşəbbüslərin formalaşdırılması, Bakı şəhərində və xarici ölkələrdə həyata keçirilə biləcək akademik, sosial və gənclər yönümlü layihələr, həmçinin vahid koordinasiya platformasının yaradılması imkanları diqqət mərkəzində olub.

Sonda iştirakçıların rəy və təklifləri əsasında tələbə gənclərin beynəlxalq arenada iştirak imkanlarının genişləndirilməsinə xidmət edən davamlı əməkdaşlıq mexanizmlərinin formalaşdırılmasının vacibliyi vurğulanıb.

TOP XƏBƏRLƏR