UNEC İnklüziv Təhsil Mərkəzi ilə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həssas kateqoriyadan olan benefisiarlar üçün nəzərdə tutulmuş 3 aylıq inklüziv təlim proqramı uğurla yekunlaşıb.
Layihənin əsas məqsədi benefisiarların peşə bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun biliklər əldə etmələri və cəmiyyətə daha fəal şəkildə inteqrasiyasına dəstək göstərmək olub.
Təlimlər UNEC-in müəllimləri tərəfindən həyata keçirilib. Təlim proqramı çərçivəsində iştirakçılara bank işi, menecment və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahələri üzrə nəzəri və praktiki biliklər aşılanıb.
Menecment fənni UNEC-in “Biznes və logistika” kafedrasının müəllimi Aynur Zeynalova tərəfindən tədris olunub.
İKT fənni “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının müəllimləri — dosent Musa Musayev və baş müəllim Məlahət Rüstəmova tərəfindən aparılıb. Bank işi fənni isə “Bank işi” kafedrasının dosenti Flora Kaşıyeva tərəfindən tədris edilib.
Təlim proqramının bağlanış tədbiri 17 dekabr 2025-ci il tarixində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilib. Tədbirdə UNEC İnklüziv Təhsil Mərkəzinin və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin nümayəndələri, təlimçi müəllimlər və benefisiarlar iştirak ediblər. Tədbirin sonunda təlim proqramını uğurla başa vuran benefisiarlara sertifikatlar, UNEC müəllimlərinə isə təşəkkürnamələr təqdim olunub.
Qeyd edək ki, UNEC İnklüziv Təhsil Mərkəzi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi gələcəkdə də inklüziv təhsil və sosial inteqrasiya istiqamətində birgə layihələrin həyata keçirilməsini planlaşdırır.