UNEC rektoru professor Ədalət Muradov UNEC-də keçirilən III Təhsil Menecerləri Forumunda təhsilin gələcəyi ilə bağlı fikirlər səsləndirib.
Professor Ədalət Muradov qeyd edib ki, rəqəmsallaşma və süni intellekt dövründə təhsilin əsas missiyası sadəcə texnologiyalardan istifadə deyil, öyrənməni yenidən dizayn etmək, çevik və innovativ təhsil ekosistemi qurmaqdan ibarətdir.
O, pandemiya dövründə sürətlə yayılan distant təhsil modelinin daha çox keçid mərhələsi olduğunu diqqətə çatdırıb. Rektor vurğulayıb ki, distant təhsil məkan və zaman məhdudiyyətini aradan qaldırır, istənilən yerdə öyrənmək imkanı yaradır və bununla da təhsilin əlçatanlığını təmin edir. Eyni zamanda bildirib ki, distant təhsili həqiqətən funksional və keyfiyyətli edən model ağıllı təhsildir (smart education) və ağıllı təhsil pedaqoji, texnoloji və idarəetmə baxımından innovativ imkanlar yaradaraq təhsil sistemini yenidən qurur və keyfiyyəti ön plana çıxarır.
Ədalət Muradov xüsusi olaraq diqqətə çatdırıb ki, təhsilin yeni texnologiyalar, rəqəmsallaşma və süni intellektlə modernləşdirilməsi hər zaman real transformasiya demək deyil. Çünki bir çox hallarda bu, köhnə və səmərəsiz metodların sadəcə rəqəmsallaşdırılması ilə nəticələnir və bu yanaşma daha zərərlidir.
Rektor çıxışında müəllim və təhsilalanın rolunun dəyişdiyini də diqqətə çatdırıb: “Müəllim bilik verəndən daha çox təlim dizaynerinə, təhsilalan isə passiv dinləyicidən daha çox aktiv iştirakçı və yaradıcı öyrənənə çevrilir”.
O, gələcəyin təhsil modeli ilə bağlı fikirlərini bölüşüb: “Daha çox mütəxəssislər gələcəyin təhsil modelini insanı bütöv şəkildə formalaşdıran, yəni təkcə “nə bilir?” sualına yox, həm də “kimdir?”, “necə düşünür?”, “cəmiyyətə necə təsir edir?” kimi suallara cavab verən bir inkişaf modeli kimi görürlər. Bu isə holistic təhsildir, yəni təhsilalanın yalnız akademik bilikləri ilə yanaşı, həm də emosional, sosial, fiziki, mənəvi və yaradıcılıq bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.” - deyə, rektor bildirib.