UNEC Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları Bakı Ali Neft Məktəbində (BANM) keçirilən “Rəqəmsal transformasiyaların müasir kitabxanaların inkişafında rolu” mövzusunda seminarda iştirak ediblər.
Seminar çərçivəsində Kitabxana-İnformasiya Mərkəzinin direktoru, tar.ü.f.d Adilə Abdullayeva “Rəqəmsal dövrün kitabxanaçısı: bilikdən texnologiyaya” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda rəqəmsal dövrdə kitabxanaçının dəyişən rolu, süni intellekt əsaslı yeni kompetensiyalar, kitabxana mütəxəssislərinin müxtəlif sahələr üzrə ixtisaslaşması, eləcə də yerli və beynəlxalq təlimlər, vorkşoplar və treninqlərdə iştirakın əhəmiyyəti barədə tövsiyələr səsləndirilib.
Qeyd edək ki, tədbirdə Azərbaycan Milli Kitabxanasının, ölkə universitetlərinin kitabxana rəhbərləri və aparıcı kitabxana mütəxəssisləri ilə yanaşı, Türkiyənin Hacettepe və İstanbul Bilgi universitetlərinin kitabxana rəhbərləri onlayn formatda iştirak ediblər.
Tədbirin açılışında çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayaraq bu cür tədbirlərin kitabxanaların inkişafında təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Rektor mütəmadi olaraq belə görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.
Seminar çərçivəsində “Akademik kitabxanaçılar üçün süni intellekt bacarıqları”, “Yeni texnologiyaların kitabxana fəaliyyətinə inteqrasiyası”, “Elektron resursların istifadəsində müəllif hüquqları və iqtisadi tənzimləmələr” mövzularında müzakirələr aparılıb.