Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə keçirilən “NovruzFest” beynəlxalq düşərgəsində iştirak ediblər.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi ilə 15–18 mart 2026-cı il tarixlərində Şəki Olimpiya İdman Kompleksində təşkil olunan düşərgə müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirib. Layihə çərçivəsində 18–29 yaş aralığında olan yerli gənclərlə yanaşı, Azərbaycanda təhsil alan Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Gürcüstan, İran, Əfqanıstan, Türkiyə, Pakistan və Rusiya vətəndaşı olan tələbələr iştirak ediblər.
UNEC-də təhsil alan əcnəbi tələbələr arasında aparılmış sorğu nəticəsində seçilmiş tələbələr düşərgədə fəal iştirak ediblər. İştirakçılar tədbir çərçivəsində öz ölkələrinin milli adət-ənənələrini, mədəni irs nümunələrini və Novruz bayramı ilə bağlı ənənələri təqdim ediblər.