A

UNEC kollektivi ənənəsinə sadiq qalaraq, bu il də Novruz bayramı münasibətilə Bilgəh qəsəbəsində yerləşən Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin sakinləri ilə görüşüb.

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov və Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov müəssisənin sakinlərini qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edərək, onlara möhkəm cansağlığı, uzun ömür və xoş günlər arzulayıblar. Rektor bildirib ki, Novruz bayramı həm də mərhəmət, birlik və paylaşma kimi milli dəyərlərin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır: “Ahıllarımızla bir araya gəlmək, onların dualarını almaq və tələbələrimizə böyüklərə hörmət kimi milli-mənəvi dəyərlərimizi aşılamaq bizim üçün çox önəmlidir".

Görüş zamanı müəssisənin sakinləri tərəfindən hazırlanan musiqili səhnəcik iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. 

Daha sonra UNEC Yaradıcılıq Mərkəzinin üzvləri şeirlər səsləndirib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər.

Səmimi və xoş ovqatda keçən görüşdə UNEC kollektivi və tələbələr ahıllarla birlikdə rəqs edib, Novruz sevincini onlarla bölüşərək unudulmaz anlar yaşayıblar. Bayram əhval-ruhiyyəsi ilə yadda qalan görüş müəssisə sakinlərinə xoş əhval-ruhiyyə bəxş edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay