UNEC ilə “Baker Tilly Audit Azərbaycan” QSC arasında birgə elmi-praktiki fəaliyyətin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında 05 noyabr 2025-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində “Maliyyə və mühasibat” fakültəsində şirkət barədə infosessiya baş tutub.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, müasir əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmaq üçün tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənməsinin yetərli olmadığını, eyni zamanda real iş mühiti ilə erkən mərhələdə tanışlığın, praktiki bacarıqların inkişafının və peşəkar şəbəkənin qurulmasının mühüm rol oynadığını vurğulayıb, bu kimi infosessiyaların tələbələrə auditoriya mühitindən kənara çıxaraq audit və mühasibat sahəsinin aktual çağırışlarını birbaşa praktik mütəxəssislərdən öyrənmək imkanı yaratdığını qeyd edib, bu əməkdaşlığın tələbələr üçün təcrübə proqramlarının genişlənməsinə, innovativ biliklərin paylaşılmasına və universitetdə tədrisin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət etdiyini xüsusi olaraq diqqətə çatdırıb.
“Baker Tilly Audit Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr və marketinq üzrə baş mütəxəssisi Günel Abbasova, insan resursları üzrə mütəxəssisi Günel Salahova və ictimaiyyətlə əlaqələr və marketinq üzrə mütəxəssisi Şəhla Eldarlı çıxış edərək şirkətin fəaliyyət istiqamətləri, xidmət portfeli və korporativ dəyərləri barədə ətraflı məlumat veriblər, audit və konsaltinq sahəsində beynəlxalq standartlara uyğun iş prinsiplərinin tətbiqindən, müştəri yönümlü yanaşmanın əhəmiyyətindən və şirkətdə peşəkar inkişaf üçün yaradılan imkanlardan bəhs ediblər, insan resursları üzrə seçim prosesinin mərhələləri, gənc mütəxəssislər üçün nəzərdə tutulan təcrübə proqramları və karyera yüksəlişi üçün tələb olunan əsas bacarıqları diqqətə çatdırıblar, tələbələrə əmək bazarında uğur qazanmaq üçün kommunikasiya, analitik düşüncə və komanda işi kimi kompetensiyaların vacibliyini xüsusi vurğulayıblar.
Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Baker Tilly Azərbaycan dünya üzrə 147 ölkə və ərazidə təxminən 754 ofisdə fəaliyyət göstərən, 50400 peşəkarı birləşdirən və ümumi illik gəliri 5,6 milyard ABŞ dolları olan Baker Tilly International şəbəkəsinin müstəqil üzvüdür. 2007-ci ilin aprelində 3 partnyor və 12 peşəkar əməkdaş tərəfindən əsası qoyulan Baker Tilly Azərbaycan qısa zaman ərzində Azərbaycanda etibarlı və uğurlu konsaltinq brendi kimi mövqelənmişdir. Bu gün Baker Tilly Azərbaycan 160-dan artıq peşəkar əməkdaşın dəstəyi ilə müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim edir. Gəlirlərinə və bağlanmış müqavilələrin sayına görə ölkənin 5 qabaqcıl audit və konsaltinq xidməti göstərən şirkəti sırasında yer alır.