Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə “Baker Tilly Audit Azərbaycan” QSC arasında birgə elmi-praktiki fəaliyyətin təşkili və təcrübə mübadiləsinin həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında 05 noyabr 2025-ci il tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində Maliyyə və mühasibat fakültəsində “Auditoriyada müəllim var” layihəsinə start verilib.
Dərsi giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, layihənin əsas məqsədinin tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla zənginləşdirmək, onların peşəkar inkişafına dəstək olmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər kimi formalaşmasına şərait yaratmaq olduğunu vurğulayıb, bu cür təşəbbüslərin Universitetlə biznes sektoru arasında əlaqələrin gücləndirilməsində mühüm rol oynadığını qeyd edib.
“Baker Tilly Audit Azərbaycan” şirkətinin maliyyə məsləhət xidmətləri üzrə baş məsləhətçisi Ərəstun Kərimov çıxış edərək, müasir biznes mühitində auditor fəaliyyətinin və maliyyə məsləhət xidmətlərinin strateji əhəmiyyətindən bəhs edib, maliyyə hesabatlarının hazırlanması, təhlili və yoxlanılması proseslərinin əsas mərhələlərini izah edib, real iş təcrübəsində qarşılaşılan mürəkkəb və praktik problemlər, onların effektiv həlli yolları, risklərin qiymətləndirilməsi və düzgün qərarvermə mexanizmləri barədə ətraflı məlumat verib, eyni zamanda bu sahədə uğur qazanmaq üçün tələb olunan peşəkar bilik və bacarıqların, analitik düşüncənin və etik prinsiplərə riayət edilməsinin vacibliyini xüsusi vurğulayıb.
Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Baker Tilly Azərbaycan dünya üzrə 147 ölkə və ərazidə təxminən 754 ofisdə fəaliyyət göstərən, 50400 peşəkarı birləşdirən və ümumi illik gəliri 5,6 milyard ABŞ dolları olan Baker Tilly International şəbəkəsinin müstəqil üzvüdür. 2007-ci ilin aprelində 3 partnyor və 12 peşəkar əməkdaş tərəfindən əsası qoyulan Baker Tilly Azərbaycan qısa zaman ərzində Azərbaycanda etibarlı və uğurlu konsaltinq brendi kimi mövqelənmişdir. Bu gün Baker Tilly Azərbaycan 160-dan artıq peşəkar əməkdaşın dəstəyi ilə müştərilərinə yüksək keyfiyyətli xidmətlər təqdim edir. Gəlirlərinə və bağlanmış müqavilələrin sayına görə ölkənin 5 qabaqcıl audit və konsaltinq xidməti göstərən şirkəti sırasında yer alır.