UNEC-in Qiyabi təhsil şöbəsinin buraxılış kurs tələbələri ilə ixtisas təcrübəsinin təşkili mövzusunda görüş keçirilib. Görüşdə Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev, Təcrübənin təşkili şöbəsinin müdiri Natiq Qurbanov və təcrübə rəhbərləri iştirak ediblər.
Səbuhi Tanrıverdiyev ixtisas təcrübəsinə göndərilən tələbələrin böyük əksəriyyətinin öz təcrübə obyektlərini fərdi şəkildə müəyyənləşdirdiklərini bildirib. Mərkəz rəhbəri tələbələri ixtisas təcrübəsinin təşkili və gedişinə nəzarətlə bağlı zəruri normativlər və qaydalarla tanış edib, həmçinin müəssisə və kafedra tərəfindən təyin olunmuş təcrübə rəhbərinin vəzifə və öhdəliklərini diqqətə çatdırıb.
UNEC-in Təcrübə şöbəsinin müdiri Natiq Qurbanov isə tələbələrin meydana çıxacaq suallar və çətinliklərlə bağlı şöbəyə hər zaman müraciət edə biləcəklərini vurğulayıb. Şöbə müdiri bildirib ki, təcrübə rəhbərləri kafedralar tərəfindən tərtib edilən ixtisasın təcrübə proqramını və müvafiq sənədləri təcrübənin başlamasına 2 həftə qalmış müəssisə rəhbərliyinə təqdim etməlidirlər.
Qeyd edək ki, cari tədris ilində UNEC-in Qiyabi təhsil şöbəsinin buraxılış kurs tələbələri üçün ixtisas təcrübəsi 2020-ci il 7 fevral - 25 may tarixlərində təşkil olunacaq. Təcrübə prosesində cəmi 406 tələbə iştirak edəcək ki, onlardan da 243 tələbə təcrübə obyektini fərdi müəyyən edib.