UNEC-in Maliyyə və mühasibat fakültəsində 20 Yanvar Ümumxalq Hüzn gününün 31-ci ildönümünə həsr olunan “20 Yanvar- qürur və iftixar günümüz” mövzusunda tədbir keçirilib.
Maliyyə və mühasibat fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Elmi Cəmiyyəti, Tələbə Gənclər Təşkilatı və İqtisadçı Tələbələrə Dəstək İB-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Fakültənin dekan müavini, dosent Azər Qarayev 20 Yanvarın xalqızın tarixinə milli kimliyimiz, azadlıq tariximiz kimi yazıldığını, Azərbaycan xalqının bu tarixi yolda əbədi müstəqilliyini qazandığını bildirib.
Fakültənin THİK sədri Kərim Kərimov Azərbaycanın istiqlal yolundan danışıb, dünya ölkələrinin 20 yanvar hadisələrinə laqeyd yanaşmasını və bütün təzyiqlərə baxmayaraq, ümummilli lider Heydər Əliyevin bu qanlı cinayətə görə məsuliyyət daşıyanları Kremlinin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham etdiyini və ulu öndırin yenidən hakimiyyətə qayıtmasından sonra bu hadisələrə dövlət səviyyəsində siyasi - hüquqi qiymət verildiyini bildirib.
Tədbirdə iştirak edən tələbələrdən Səbuhi İmanov, Nigar Quliyeva, Vüqanə Nurəliyeva və Fidan Seyranova müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi barədə fikirlərini bölüşüblər.