A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) universitetin Beynəlxalq Əməkdaşlıq Departamentinin təşkilatçılığı ilə beynəlxalq seminarlara start verilib.

“Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi və ticarət siyasətinə dəstək” mövzusuna həsr olunan seminarın ilk günündə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Dövlət Gömrük Komitəsinin Akademiyası və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Sənnur Əliyev iştirakçılara seminar barədə məlumat verib. Bildirib ki, beynəlxalq seminar Azərbaycanın ÜTT-na üzvlük prosesinə və ticarət siyasətinə dəstək olmaq məqsədilə keçirilir. S.Əliyev 3 gün davam edəcək seminarda məruzəçi qismində ÜTT-in Təhsil və Texniki Əməkdaşlıq İnstitutunun nümayəndəsi, TA koordinasiya rəhbəri Dr.Martin Smitzin çıxış edəcəyini iştirakçıların diqqətinə çatdırıb.

Sonra Dr.Martin Smitz ÜTT-nin məqsədi, vəzifələri, eləcə də üzvlük prosesi və şərtləri barədə təqdimatla çıxış edib. Azərbaycanın təşkilata 1997-ci ildən üzvlüklə bağlı müraciət etdiyini vurğulayan məruzəçi, üzvlük prosesi ilə bağlı ikitərəfli, həm də çoxtərəfli danışıqların davam etdiyini, həmçinin, milli qanunvericiliyin ÜTT-nin müvafiq sazişlərinin tələblərinə uyğunlaşdırılması istiqamətində işlərin aparıldığını qeyd edib.

Seminar “ÜTT sazişləri və mallara bazar çıxışı”, “Ölkələr niyə ticarət edir?”, “ÜTT-nin ümumi nəzəriyyəsi, əsas ticarət siyasəti alətləri və əsas prinsipləri” mövzuları ilə davam edib.

Proqram çərçivəsində dövlət qurumlarının nümayəndələri ilə yanaşı, UNEC-in müəllim-tələbə heyəti ilə də görüşlər keçiriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay