A

525.az

İMTAHAN MƏRKƏZİNİN DİREKTORU: "İMTAHANLARDA ŞƏFFAFLIĞI TƏMİN ETMƏK MƏQSƏDİLƏ YAZILI İMTAHANLARI ELEKTRONLAŞDIRDIQ"

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirilən imtahan sessiyalarında şəffaflıq hər zaman ön plana çəkilir.  İmtahanların obyektiv və ədalətli keçirilməsini təmin etmək, qiymətləndirmədə biliyi yeganə meyar götürmək UNEC-in iş prinsipidir. Bu şəffaflığı qorumaq üçün tətbiq olunan imtahan metodu ildən-ilə daha da təkmilləşdirilir. İmtahan sessiyasının şəffaf təşkilinə dair yeniliklər, müxtəlif layihələr həyata keçirilir. Tətbiq olunan yeniliklərdən biri də yazılı imtahanlarda elektron vasitələrdən istifadə olunmasıdır. Beləliklə də, UNEC yeni texnologiyalarla təhsildə keyfiyyəti artırmağa davam edir.

UNEC İmtahan Mərkəzinin direktoru Tahir Bədəlovun sözlərinə görə, tələbələrin məmnunluğunu artırmaq və imtahanlarda şəffaflığı təmin etmək məqsədilə yazılı imtahanları elektronlaşdırdıq: "Bu il ilk dəfə olaraq yazılı imtahanlarda elektron vasitələrdən istifadə olunur. Bunun üçün bizim bütün imtahan zallarında xüsusi skayner qurğuları yerləşdirilib. Hazırda 700 kompüterə sözügedən skayner qurğusu quraşdırılıb. Bu qurğular vasitəsilə tələbələr tərəfindən kağızlarda yazılan imtahan suallarının cavabları kompüterin yaddaşına köçürülür: "Məlum olduğu kimi, cavab vərəqlərinin yoxlanılması müəllimlər tərəfindən həyata keçirilir. İmtahan bitən kimi kompüterin yaddaşına köçürülən cavab vərəqlərinin elektron variantı PDF formatında müəllimlərin şəxsi kabinetinə göndərilir. Müəllimlər şəxsi kabinetlərinə daxil olub cavabları elektron formada oxuyub, yoxlayıb qiymətləndirirlər. Beş ayrıca sualın cavabından ibarət olan hər bir cavab fərqli müəllimə göndərilir. Cavab vərəqlərini yoxlayan zaman müəllim bilmir ki, cavablar hansı tələbənindir. Müəllimlər yoxladıqları cavab vərəqinin hansı tələbəyə məxsus olmasından xəbərsiz olurlar. Qiymətləndirmə mərhələsi başa çatandan sonra proqramın köməkliyi ilə o qiymətlər cəmlənir. Artıq tələbə öz şəxsi kabinetində cəm qiyməti görür. Tələbə də bilmir ki, onun cavab vərəqini hansı müəllim yoxlayıb. Proses tamamilə şəffaf şəkildə həyata keçirilir".

UNEC-də imtahan sessiyası zamanı tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün şərait yaradılıb. Onlar da bu şəraitdən yararlanaraq çox sərbəst və rahat şəkildə sualları cavablandırırlar. Tələbələrə, ümumilikdə imtahan prosesinə kənar müdaxilə yoxdur. Yəni imtahanda iştirak edən nəzarətçi və məsul şəxslər yalnız öz vəzifələrini yerinə yetirirlər. İmtahanların gedişatında obyektivlik və şəffaflıq təmin olunur, sessiya normativ sənədlərə uyğun və qərəzsiz keçirilir.

Rektor, professor Ədalət Muradov imtahanların obyektiv və qüsursuz keçirilməsi üçün səylərini durmadan davam etdirir. Obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işlər isə tələbələr tərəfindən yüksək qiymətləndirilir. Prosesin obyektiv və şəffaf keçirilməsi tələbələrdə ruh yüksəkliyi yaradır, biliklərinə düzgün qiymət verildiyi üçün də onlar imtahanlara həvəslə hazırlaşırlar. Tələbələr semestr imtahanlarında nizam-intizamın, şəffaflığın təmin edildiyini, imtahan prosesi zamanı heç bir neqativ halla qarşılaşılmadığını deyirlər. Oxuyan, il boyu hazırlaşan, nizam-intizamlı tələbələr stress, həyəcan, sıxıntı keçirmədən rahat şəkildə imtahana gəlir və sualları cavablandırır, qiymətlərini alırlar. Heç bir kənar müdaxilə və ya hər hansı bir xoşagəlməz halla qarşılaşmadan.

UNEC tələbəsi Nuray Hacıyev bildirib ki, istər biliyinin qiymətləndirilməsi, istərsə də obyektivlik baxımından bugünədək heç bir problemlə üzləşməyib: "İmtahanlar zamanı təqdim edilən suallar il ərzində keçdiklərimizi tam əhatə edir. Bütün suallar keçilmiş mövzulara və proqrama uyğun tərtib olunur. İmtahanların yazılı olması isə fikirlərimizi geniş ifadə etməyə şərait yaradır. İmtahan suallarına düzgün cavab yazan tələbə qiymətini də alır".

Digər tələbə Mədinə Çələbiyeva isə deyir ki, imtahanların şəffaf keçirilməsi onu bir tələbə kimi qane edir: "Universitetdə bu gün keçirilən bütün imtahanlar zamanı şəffaflıq təmin olunur. Tələbə rahat gəlib imtahan verir. İstər yazılı, istərsə də şifahi imtahanlar doğrudan çox şəffaf keçirilir. Nəzarətçilər tələbələrə müdaxilə etmir, kənarda dayanıb prosesi izləyir. İmtahanlara yaxşı hazırlaş, gəl suallara cavab ver, qiymət al".

Azərbaycan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə bildirib ki, ali məktəb təcrübəsində imtahanların keçirilməsinin üç formasından daha çox istifadə olunur: şifahi, yazılı və test. Şifahi imtahan hamı tərəfindən birmənalı olaraq, daha üstün yoxlama forması kimi dəyərləndirilir. Lakin şifahi imtahanlarda şəffaflıq imkanları məhdud olduğu üçün ali məktəblərdə bu gün yazılı imtahanlara üstünlük verilir. Bu imtahanlarda adətən yazı vərəqi kodlaşdırılır və yoxlanması üçün müəllimə verilir. Kimin yazısını yoxladığını bilmədiyi üçün qiymətləndirmə daha obyektiv həyata keçirilir: "Ali məktəblərimizdə tələbələrin biliyinin qiymətləndirilməsində test imtahanlarından da istifadə olunur. Bu yoxlama formasında testin tərtibindən çox şey asılıdır. Test tapmaca xarakterli deyil, düşündürücü məzmun daşıdıqda qarşısına qoyulan məqsədi yerinə yetirilmiş olur. Dünya ali məktəblərində eyni bir ali məktəbdə imtahanların hər üç formasından istifadə olunur. Belə ki, ən ümumi şəkildə götürsək, şifahi imtahanda tələbənin fikrini məntiqa ardıcıllıqla şifahi ifadə etmək (şifahi nitq), yazılı imtahanda tələbənin fikrini məntiqa ardıcıllıqla yazılı ifadə etmək (yazılı nitq), test imtahanında isə cavablar arasından daha düzgün cavabı seçmək bacarıqlarının qiymətləndirilməsi imkanları geniş olur. Bu bacarıqların hər birinin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Lakin şəffaflığın qorunması bizə yazılı və test imtahanlarına üstünlük verməyi tələb edir. Onu da qeyd edim ki, son dövrlərdə ali məktəblərimizin bəziləri müəyyən imtahanların şifahi formada təşkilinə başlayıbdır. Yazılı imtahanlar müxtəlif ali məktəblərdə fərqli mexanizmlərlə həyata keçirilir. Onların hər birinin özünəməxsus üstünlükləri var. Amma son günlərdə Azərbaycan Dövlət İqtisad Universitetində maraqlı bir innovasiyaya imza atılıb - yazılı imtahanlarda İKT-nin imkanlarından istifadə olunur. Tələbə imtahan suallarının cavablarını yazıb, təhvil verdikdən sonra, onun cavabları elektron formada müəllimlərə göndərilir. Onlar istənilən məkanda ona göndərilmiş yazını yoxlayıb, qiymətləndirdikdən sonra geri göndərə bilir. Bu yanaşmanın üstünlüyü ondadır ki, müəllimlər ali məktəbə gəlmədən, ev şəraitində, kitabxanada və ya ona münasib olan digər məkanlarda yazını yoxlaya bilirlər. Belə olduğu halda həm nəqliyyat problem aradan qalxır, həm müəllim yola vaxt itirmədən yazını yoxlamaq imkanı əldə edir, həm də universitetin auditoriyalarında daha səmərəli istifadə etmək üçün şərait yaranır. İKT imkanlarından daha çox istifadə etməklə biz təhsilin keyfiyyətini artıra bilərik. Süni intellektin həyatımıza daxil olması da bizdən bunu tələb edir. Azərbaycan Dövlət İqtisad Universitetində tətbiq edilən bu innovasiyanın digər ali məktəblərdə də tətbiq edilməsini, ali məktəblərdə İKT imkanlarının genişləndirilməsini, onun yeni-yeni formalarının təhsil mühitinə daxil edilməsini zamanın tələbi kimi dəyərləndirirəm".

Millət vəkili Ceyhun Məmmədov bildirib ki, həm universitetin elmi tədqiqat mərkəzinə çevrilməsində, həm də tələbə məmnuniyyətinin önə çəkilməsində UNEC-də mütəmadi olaraq müsbət halları müşahidə etməkdəyik və bu, qürurvericidir: "Tələbə biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsində çox önəmli amildir. Bu baxımdan, həyata keçirdiyi islahatlarla müsbət imic formalaşdıran UNEC nümunəsini yüksək qiymətləndirirəm. Bu gün ölkədəki universitetlərin ciddi inkişaf mərhələsinə qədəm qoyduğunu müşahidə edirik. Bu universitetlər arasından UNEC fəaliyyəti və inkişafı ilə xüsusi ilə seçilir".

Təhsil Eksperti Elşən Qafarov deyir ki, imtahan tələbələrin biliklərinin təsdiqi prosedurudur. Bunu mütləq dəqiq və şəffaf keçirmək lazımdır. Prosesin obyektiv keçirilməsi tələbələrdə ruh yüksəkliyi yaradır: "Hesab edirəm ki, UNEC-də elmlə təhsilin vəhdəti və obyektiv, şəffaf imtahan sisteminin təşkili iqtisadiyyat üzrə savadlı mütəxəssislərin hazırlanmasına öz töhfəsini verəcəkdir".

Sevinc QARAYEVA

TOP XƏBƏRLƏR