Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində Psixoloji Xidmət Mərkəzinin dəstəyi ilə tələbələr üçün “Şəxsiyyət və məsuliyyət: hüquqi çərçivədə davranış” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev açaraq, hüquqi savadlılığın artırılmasının, gənclərin hüquq və vəzifələrini dərindən mənimsəməsinin və hüquqi davranış mədəniyyətinin formalaşdırılmasının onların məsuliyyətli və fəal vətəndaş kimi yetişməsində mühüm və strateji əhəmiyyət daşıdığını bildirib, şəxsiyyətin inkişafında hüquqi davranışın rolundan söz açıb, fərdi məsuliyyətin cəmiyyətin davamlı inkişafına təsirini izah edib və hüquq pozuntularının qarşısının alınmasında maarifləndirmə tədbirlərinin vacibliyini diqqətə çatdırıb.
Psixoloji Xidmət Mərkəzinin rəhbəri dosent Şəfahət Abdullayeva çıxış edərək şəxsiyyətin formalaşmasında psixoloji amillərin və sosial mühitin kompleks təsirini vurğulayıb, fərdin davranış modelinin hüquqi çərçivədə tənzimlənməsinin əhəmiyyətindən danışıb, gənclərdə məsuliyyət hissinin, özünənəzarət bacarıqlarının və hüquqi şüurun sistemli şəkildə inkişaf etdirilməsinin vacibliyindən söz açıb, sağlam psixoloji mühitin formalaşdırılmasının hüquqa hörmətin güclənməsinə və hüquq pozuntularının qarşısının alınmasına mühüm töhfə verdiyini diqqətə çatdırıb.
Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.