UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinin icrası çərçivəsində tələbələrlə maarifləndirici görüş keçirilib.
Görüşdə Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin rəisi, polis baş leytenantı Elmar Aslanov, əməliyyat müvəkkilləri polis polkovnik-leytenantı Anar Şıxlarov, polis baş leytenantı Ramal Nəsibov, həmçinin həmin idarənin Veteranlar Şurasının sədr müavini, ehtiyatda olan polis polkovniki Eyvaz Nurməmmədov iştirak ediblər.
Tədbir zamanı qeyd olunub ki, narkomaniya cəmiyyətin ən təhlükəli sosial problemlərindən biridir və xüsusilə gənc nəslin gələcəyinə ciddi təhdid yaradır. Bu bəla insan sağlamlığına, ailə münasibətlərinə və ümumilikdə cəmiyyətin inkişafına mənfi təsir göstərir. Bildirilib ki, narkotik maddələrdən istifadə edən şəxslər zamanla həm fiziki, həm də psixoloji asılılıq qazanır, bu isə onların normal həyat tərzindən uzaqlaşmasına səbəb olur.
Çıxışlarda narkomaniyanın yayılmasının əsas səbəbləri kimi maarifləndirmənin yetərsizliyi, mənfi sosial mühit, sosial problemlər və yanlış dost seçimi göstərilib. Vurğulanıb ki, xüsusilə gənclər maraq və ya kənar təsirlərə məruz qalaraq bu təhlükəli yola düşə bilirlər. Nəticədə onların sağlamlığı zəifləyir, təhsildən uzaqlaşır və gələcək planları təhlükə altına düşür.
Sonda tələbələrə maarifləndirici videoçarxlar nümayiş etdirilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.