UNEC-in Biznes və menecment fakültəsində gənclər arasında sağlam həyat tərzinin təşviqi və narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirici tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan fakültə katibi Elxan Salayev tələbələrin yalnız akademik deyil, eyni zamanda fiziki və mənəvi inkişafının vacibliyini vurğulayıb. O, gəncləri narkomaniya başda olmaqla bütün zərərli vərdişlərdən uzaq durmağa çağıraraq, sağlam həyat tərzinin gələcək uğurlar üçün əsas amillərdən biri olduğunu qeyd edib.
Tədbir çərçivəsində UNEC Psixoloji Xidmət Mərkəzinin psixoloqu Küşvər Abdullayeva “Narkotik və psixotrop maddələrə YOX” mövzusunda geniş məruzə ilə çıxış edib. O, asılılığın psixoloji mexanizmlərindən bəhs edərək, bu maddələrin insanda yaratdığı saxta rifah və süni xoşbəxtlik hissinin sonradan ciddi psixoloji və sosial problemlərə yol açdığını diqqətə çatdırıb. Psixoloq tələbələri çətinliklərdən zərərli yollarla qaçmaq əvəzinə, sağlam düşüncə, güclü iradə və psixoloji dayanıqlıq nümayiş etdirərək problemlərlə mübarizə aparmağa səsləyib.
Sonda tələbələrə zərərli vərdişlərdən uzaq durmaq, asudə vaxtlarını səmərəli və faydalı fəaliyyətlərlə dəyərləndirmək tövsiyə olunub.