Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Clarivate şirkətinin nümayəndələri ilə görüş keçirilib.
UNEC rektoru professor Ədalət Muradov və universitetin müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə süni intellektin təhsildə və elmi fəaliyyətlərdə tətbiqi, universitetlərin rəqabət mühiti və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub.
Clarivate şirkətinin nümayəndələri Valentin Boqorov, Stephen Hautorne UNEC-in Azrbaycanda ilk tərəfdaş universitetlərdən olduğunu bildirərək, bu ali təhsil müəssisəsinin son illərdə elmi fəaliyyət sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndiriblər.
Müzakirələr zamanı UNEC-in yeni elmi jurnallarının beynəlxalq bazalarda indekslənməsi, universitet kitabxanalarının işinin təşkili və idarə edilməsi, tələbə və əməkdaşların Clarivate məhsullarından istifadə bacarıqlarının artırılması kimi məsələlərə xüsusi diqqət yetirilib. Tədqiqatlarda süni intellektin tətbiqi və universitetlərin sosial təsirinin qiymətləndirilməsi də əməkdaşlığın prioritet istiqamətləri sırasında müəyyənləşdirilib.
Görüşdə UNEC-in Clarivate şirkətinin 3 məhsuluna - InCites Benchmarking & Analytics platforması, Web of Science Research Assistant süni intellekt aləti və ProQuest Dissertations & Theses Global (PQDT) bazasına abunə olduğu bildirilib. Bu ilin sentyabr ayından isə ProQuest Ebook Central platformasına qoşulduğu və 70.000-dən çox e-kitaba çıxış imkanı qazandığını diqqətə çatdırılıb. UNEC-in bu imkanlarla akademik süni intellekt ekosisteminə inteqrasiya istiqamətində mühüm addımlar atmış olduğu vurğulanıb.
Tədbirdə süni intellekt alətlərinin ali təhsil müəssisələrinin inkişafına verəcəyi töhfələrdən də söz açılıb. Süni intellektin universitetlərin strateji idarəetmə planlarının hazırlanması və tətbiqində mühüm rol oynayacağı bildirilib. Həmçinin süni intellektdən istifadə zamanı qaydaların müəyyənləşdirilməsinin zəruriliyini qeyd edilib.