A

UNEC-in rektoru, professor Ədalət Muradov UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə görüşüb.

Görüşdə 2018/2019-cu tədris ilinin qış imtahan sessiyası dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə UNEC-də tətbiq edilən yeniliklər, imtahanın təşkili və keçirilməsi qaydaları müzakirə edilib.

Rektor Ədalət Muradov imtahan prosesinə nəzarətin və monitorinqlərin aparılmasının ənənəvi olaraq bütünlüklə UNEC İctimai Nəzarət Şurasına həvalə ediləcəyini bildirib. UNEC İctimai Nəzarət Şurasında bu ildən Tələbə rektorun təmsil olunacağı şura üzvləri tərəfindən müsbət qarşılanıb. Sessiyada tətbiq olunacaq yeniliklərdən söz açan rektor, imtahan prosesinin təkmilləşdirilməsi və mütəşəkkil təşkil olunması məqsədilə UNEC İmtahan Mərkəzinin yaradıldığını qeyd edib, mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verib.

Görüşdə bildirilib ki, ötən dövrlərdə olduğu kimi, bu il də imtahan sessiyası dövründə hər həftənin şənbə günü İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə UNEC rektorunun “Açıq qapı” günləri keçiriləcək. Bir “Acıq qapı” günü isə ənənəvi olaraq yalnız şura üzvlərinin iştirakı ilə təşkil olunacaq. Jurnalistlər və qeyri-hökumət təşkilatlarının tələbələr arasında imtahan prosesi ilə bağlı anonim sorğu keçirməsi təmin olunacaq. Sessiya dövründə UNEC-in 24/7 kitabxanasının fasiləsiz, digər kitabxanaların isə uzadılmış iş rejimində fəaliyyət göstərəcəyini vurğulanıb. Kitabxanaların işinin təkmilləşdirilməsi məqsədilə şura üzvləri kitabxanalarda monitorinqlər aparacaq. İctimai Nəzarət Şurası imtahan nəticələrinə əsasən, fakültələrin də monitorinqini həyata keçirəcək.

Müzakirələr zamanı ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılması məsələlərinə də toxunulub. Universitetlər arasında sağlam rəqabət mühitini təmin etmək üçün ali təhsil müəssisələrinə müstəqillik verilməsinin vacibliyi qeyd edilib. Eyni zamanda ali təhsilin çevikliyini və cəmiyyətdə baş verən proseslərə adekvat reaksiyasını təmin etmək üçün distant təhsilə ehtiyac olduğu vurğulanıb. Şura üzvləri ölkədə distant təhsilin təşkilini təmin etmək məqsədilə elm və təhsil nümayəndələrinin iştirakı ilə bu istiqamətdə debat və konfransların keçirilməsini təklif ediblər. Müzakirələrdən sonra şura üzvləri 24/7 kitabxana və UNEC Ekstern Mərkəzi ilə tanış olublar.

UNEC-in İctimai Nəzarət Şurasında millət vəkili Hikmət Babaoğlu, əməkdar elm xadimi, professor Şahlar Əsgərov, “XXI Əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Parlament Jurnalistləri Birliyinin sədri, “Modern” Media Qrupunun baş direktoru Elşad Eyvazlı, “Azad Müəllimlər” İctimai Birliyinin sədri Məlahət Mürşüdlü, təhsil eksperti Kamran Əsədov, “525-ci qəzet”in müxbiri Sevinc Qarayeva və tələbə rektor Elmir Sadıqov təmsil olunur.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay