×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder index.html silmək alınmadı


A

UNEC-in Elmi Şurasının növbəti iclası keçirilib.

İclasda 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti və cari məsələlər müzakirə olunub. 

2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqda Tədris və təlim texnologiyaları üzrə prorektor dos. Anar Rzayev məlumat verib. Prorektor bildirib ki, UNEC rektorunun müvafiq əmrinə əsasən universitetdə sessiyanın keçirilmə müddəti 28 dekabr tarixindən 2020-ci ilin 31 yanvar tarixinədək müəyyən edilib. Əvvəlki semestrdən qalan akademk borclara görə təkrar imtahanlar sessiya ərzində, cari semestrdə yaranmış akademik borcların təkrar imtahanı (o cümlədən üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün) isə 3 fevral tarixindən 7 fevral tarixinədək təşkil ediləcək.

İmtahanlar həm yazılı, həm də test üsulu ilə təşkil ediləcək. İmtahanların İSE, SABAH Mərkəzi, TUDİFAK, Magistratura Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində yazılı və əsasən yazılı, digər fakültələrdə isə əsasən test üsulu ilə təşkili nəzərdə tutulub.

İqtisadiyyata giriş, Azərbaycan İqtisadiyyatı, Makroiqtisadiyyat fənlərinin imtahanları vahid sillabus üzrə yazılı formada, İstehlak mallarının ekspertizasının nəzəri əsasları, Standartlaşmanın əsasları, İdarəetmə sistemləri, Qida məhsullarının texnologiyasının nəzəri əsasları və Tətbiqi ekologiya fənlərinin imtahanları yazılı formada, Marketinq, Mühasibat, Firmanın iqtisadiyyatı fənlərinin imtahanları isə vahid sillabus üzrə testlərin məxfiliyi qorunmaqla test üsulu ilə təşkil olunacaq. İngilis dili üzrə imtahan qarışıq formada keçiriləcək. Belə ki, oxu bacarığı test formasında, yazı bacarığı isə yazılı formada yoxlanılacaq.

Prorektor dos. Anar Rzayev, həmçinin qeyd edib ki, imtahanları test üsulu ilə təşkil edilən fənlərin 2-ci kollokviumu üzrə appelyasiyaları yekunlaşıb. Yazılı imtahan keçirən fakültələrdə - İSE və SABAH-da isə müəyyən sayda appelyasiyalar qalıb. Həmin appelyasiyaların yekunlaşması dekabrın 25-dək təmin ediləcək. Bundan başqa, mərkəzləşdirilimiş qaydada keçirilən imtahanlar üzrə (Makroiqtisadiyyat, Azərbaycan İqtisadiyyatı) appelyasiyalara baxılması 25 dekabra kimi yekunlaşdırılacaq.

Əvvəlki semestrlərdən qalan akademik borclara görə keçiriləcək təkrar imtahanlara gəlincə, onlar üçün qeydiyyat yekunlaşıb.

Anar Rzayev UNEC-in Zaqatala filialında və universitetin nəzdində fəaliyyət göstərən  Maliyyə-İqtisad Kollecində də imtahan sessiyasına hazırlıqların başa çatdığını qeyd edib.  

Sonra məruzədə sual doğuran məqamlar müzakirə edilib. Rektor professor Ədalət Muradov imtahan suallarının keyfiyyətinin yoxlanılması, cavabların və apelyasiya şikayətlərinin nəticələrinin tələbələrə vaxtında elan edilməsi ilə bağlı tapşırıqlarını verib. Həmçinin UNEC-i vaxtında bitirə bilməyənlər üçün dövlət imtahanlarının tarixinin təcili müəyyənləşdirilməsi və elan edilməsi barədə göstəriş verilib.   

Daha sonra gündəlikdə olan cari məsələlər Elmi Şura üzvləri tərəfindən müzakirə olunub. İlk olaraq “Bir kəmər, bir yol” Elmi Tədqiqat Mərkəzinin Əsasnaməsinin qəbul edilməsinə münasibət bildirilib. Bəzi dəqiqləşdirilmələr aparılmaqla Əsasnamənin qəbul edilməsinə razılıq verilib.

Digər məsələ, Tələbələrlə iş üzrə prorektor dos. Səadət Qəndilovanın təqdimatına əsasən TEC sədri və onun müavinlərinə əməkhaqqı ayrılması da səsə qoyularaq qəbul edilib.

2020-ci ildə UNEC-in və onun filiallarının akkreditasiyası ilə bağlı universitetdə Özünütəhlil Komissiyasının yaradılmasına dair təklif də müzakirə olunub. Komissiyanın tərkibi oxunduqdan sonra ona bir neçə dəyişiklik edilib və qəbul olunub.

Sonra UNEC-də qiyabi təhsil formasında tədrisin təşkili ilə bağlı müvafiq qaydalara dəyişiklik edilməsi ilə əlaqədar  Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyevin təqdimatı dinlənilib. Məsələ ilə bağlı mübahisə doğuran məqamlar olduğundan bu təklifin qəbulu məqbul hesab edilməyib.

İclasda növbəti tədris ilində 7 yeni ixtisas üzrə tədrisin nəzərdə tutulması da müzakirə mövzusu olub. Rektor professor Ədalət Muradov bildirib ki, buna dair təlim proqramı hazırlanmalı və yeni texniki və texnoloji ixtisasları tədris edəcək müəllimlər gələn il yanvarın 10-dan təlimlərə cəlb olunmalıdır.

Sonda iclas iştirakçılarını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edən rektor bayramdan öncə əməkdaşlara əmək haqlarının verilməsinin təmin edilməsini tapşırıb.

TOP XƏBƏRLƏR